Ermənistanda seçki başa çatdı, səslər hesablanır - Yenilənib

 Ermənistanda seçki başa çatdı, səslər hesablanır -  Yenilənib
  10 Dekabr 2018    Oxunub:13687
Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Azvision.az xəbər verir ki, yerli vaxtla saat 08:00-da ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edib.
***
Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilərlər.

Ermənistan polisinin rəsmi məlumatıma görə, səs vermə hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfərdir. Seçkidə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alınıb.

***
Ermənistanda keçirilən erkən parlament seçkilərində yerli vaxtla saat 11:00-a olan statistik rəqəmlər açıqlanıb.

Azvision.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bu saatadək seçici aktivliyi 7,76% təşkil edib. 2,5 milyon səsvermə hüququ olan vətəndaşdan cəmi 201 min 250 nəfəri seçkiyə qatılıb. Paytaxt İrəvanda isə hələlik 66 min 704 (7,86%) nəfər səs verib.

***
Ermənistanda keçirilən parlament seçkilərində seçici fəallığı olduqca aşağıdır. MSK-nın saat 14:00-a açıqladığı məlumata əsasən, ölkə üzrə 24,53% seçici səs verib.

Paytaxt İrəvanda 23,53% (199971 nəfər), Gümrüdə 18,22 % (22671 nəfər), üçüncü böyük şəhər olan Vanadzorda isə 24,21% (23326 nəfər) seçici aktivliyi qeydə alınıb.

***

Ermənistan Mərkəzi Seçki Komissiyası saat 17:00-a olan məlumatları açıqlayıb. Bildirilib ki, bu saatadək seçicilərin yalnız 39,54 faizi növbədənkənar parlament seçkilərində səs verib.

İrəvanda seçici aktivliyi 38,04%, Gümrüdə 31,29%, Vanadzorda isə 38,68% təşkil edib.

Qeyd edək ki, Ermənistanda səs vermə hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfərdir. Səsvermə 20:00-dək davam edəcək.

***
Ermənistanda ilk dəfə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. Saat 20:00-da ölkə üzrə bütün seçki məntəqləri bağlanıb, səslərin sayılmasına start verilib.

Yerli vaxtla saat 21:00-da Ermənistan MSK seçkidə iştirakla bağlı son məlumatları ictimaiyyətə elan edəcək.

Azvision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti