Ukrayna-Rusiya “dostluğuna” rəsmən son qoyuldu

Ukrayna-Rusiya “dostluğuna” rəsmən son qoyuldu
  10 Dekabr 2018    Oxunub:4254
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsi ilə Rusiya arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə qanun layihəsini imzalayaraq təsdiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Poroşenko özü "Tvitter" səhifəsində yazıb. Bildirib ki, müqavilə 2019-cu il aprelin 1-dən qüvvəsini itirəcək.

Bununla da, Rusiya ilə Ukrayna arasında dostluq münasibətlərinə rəsmən son qoyulacaq.

Qeyd edək ki, 17 sentyabrda Poroşenko Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukrayna ilə Rusiya Federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin ləğvi barədə qərarının qüvvəyə minməsinə dair fərman imzalayıb. Daha sonra Ukrayna Nazirlər Kabineti XİN-ə tapşırıb ki, 27 sentyabradək Kiyevin müqaviləyə xitam vermək istəyi barədə Moskvanı və beynəlxalq təşkilatları məlumatlandırsın. Bunun ardınca Ukrayna qanunvericiliyinə uyğun olaraq müqavilənin qüvvəsinin dayandırılması barədə qanun layihəsi ötən həftə Ali Rada tərəfindən təsdiqlənib.

1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” ilə Ukrayna və Rusiya arasında qarşılıq hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurulub. Əgər tərəflərdən heç biri etiraz etmirsə, müqavilənin uzadılma müddəti əvvəlki prolonqasiyadan başlayaraq 10 ildir.

Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ukrayna   Kerç   Rusiya  





Xəbər lenti