Hökumətin təcili iclası – “Brexit” səsverməsi təxirə salınır

 Hökumətin təcili iclası  – “Brexit” səsverməsi təxirə salınır
  10 Dekabr 2018    Oxunub:4424
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün təcili hökumət iclası keçirərək 11 dekabrda ölkə parlamentində “Brexit” sazişi üzə səsvermənin təxirə salınması barədə qərar qəbul edib. Səsvermənin nə zaman keçiriləcəyi isə hələ məlum deyil.
Azvision.az “The Telegraph”a istinadən xəbər verir ki, müxalifətin və hökumətin bəzi üzvlərinin təzyiqi nəticəsində sabahkı səsvermə zamanı utancverici məğlubiyyətdən qaçmaq məqsədilə atılan bu addımdan sonra Mey dərhal Brüsselə gedərək “Brexit”lə bağlı ölkəsi və Britaniya parlamentariləri üçün daha məqbul saziş şərtlərini müzakirə edəcək.

Lakin Avropa İttifaqı artıq razılaşdırılan sazişin müddəalarına yenidən baxılmasının mümkünsüzlüyü barədə qəti mövqeyini bundan əvvəl də bəyan edib.

Britaniya baş nazirinin sözçüsü isə KİV-də 11 dekabrda parlament səsverməsinin ləğvi barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, Mey sadəcə Avropa İttifaqının müxtəlif liderləri ilə apardığı danışıqlar barədə kabinet üzvlərini məlumatlandırmaq üçün hökumətin iclasını çağırıb.

Britaniya KİV-ləri yazır ki, əgər sabahkı səsvermə həqiqətən də təxirə salınarsa, London 3 mümkün seçim qarşısında qalacaq: heç bir saziş olmadan nizamsız “Brexit”, Avropa İttifaqına üzvlük barədə Britaniyada növbəti referendumun keçirilməsi, yaxud da Meyin “Brexit” sazişi üzrə yeni şərtlərin son anda razılaşdırılması.

Qeyd edək ki, bir neçə saat əvvəl Avropa İttifaqının Ali Məhkəməsi Britaniyanın birtərəfli qaydada İttifaqı tərk etmək qərarından imtina etmək hüququnu təsdiqləyib.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti