Paşinyan nazirlərin sayını azaldır

 Paşinyan nazirlərin sayını azaldır
  10 Dekabr 2018    Oxunub:4677
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan hazırda mövcud olan nazirliklərin sayını azaldaraq hökumətdə ixtisarlar edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özü İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Düşünürəm ki, ölkəmizdə çoxlu nazirlik var, onların sayı azaldılmalıdır. Biz bu məsələni müzakirə edirik” – Paşinyan bildirib.

Erməni KİV-ləri yazır ki, hələ parlamentin tərkibi təsdiqlənməmiş və rəsmi prosedurla səsvermə nəticəsində baş nazir seçilmədən Paşinyanın indidən hökumətdə kadr islahatlarına başlaması onun hakimiyyət hərisi olduğunu və parlamentdə üstünlüyü ələ aldıqdan sonra istənilən məsələdə qələbə çalacağına əminliyini göstərir.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, ötən gün keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın "Mənim addımım" bloku 70,43% (884 min 456) səslə qələbə qazanıb. "Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayıb. Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublikaçılar partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilməyib. Bu səbəbdən də, onlar parlamentdə təmsil olunmayacaqlar.

Həmçinin, seçki nəticələrinə uyğun olaraq, ilk dəfə Ermənistanda parlamentinin say tərkibi 105-dən 129 deputata çatdırılacaq. Bu, 2015-ci qəbul olunmuş normativə əsasən müxalifətin parlamentdəki 33 faizlilk mandatının təmin olunması üçün ediləcək. Çünki "Mənim addımım" bloku parlamentdə 86 deputatla təmsil olunduğundan, "Çiçəklənən Ermənistan" 25, "İşıqlı Ermənistan" isə 18 mandat alacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti