Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir

 Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
  11 Dekabr 2018    Oxunub:4939
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir. Ölkə müxalifəti iqtidara qarşı yeni tələblər irəli sürərək prezident seçkilərinin noyabrın 28-də keçirilmiş ikinci turunun nəticələrinin ləğv olunmasını tələb edir.
Bu barədə birliyin liderlərindən biri, prezidentliyə namizəd olmuş və səsvermənin ikinci turunda məğlubiyyətlə üzləşmiş Qriqol Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.

Birləşmiş müxalifətin bu tələblə bağlı iddiası bu gün saat 15:00-da Tbilisi Şəhər Məhkəməsinə təqdim olunub.

G.Vaşadze prezident seçkilərində seçicilərin səslərinin satın alınması ilə bağlı çoxlu faktların olduğunu bildirib: "İddiamıza beynəlxalq təşkilatların qiymətləndirmələri də əlavə olunub. Beynəlxalq müşahidə missiyasının hesabatı seçicilərin səslərinin kütləvi şəkildə alınmasını birbaşa sübut edir".

Birləşmiş müxalifət, həmçinin Baş Prokurorluğunu Baş nazir Mamuka Baxtadze və Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə bağlı araşdırma aparmağa çağırıb.

Müxalifət hesab edir ki, Baş nazir canlı efirdə seçicilərin səslərini satın alaraq cinayət törədib, mer isə hakim partiyanın seçki qərargahına rəhbərlik edərək bəyanatları ilə cinayətdə iştirak edib.

Vaşadze qeyd edib ki, məhkəmə iddiasında 600 min vətəndaşın kredit borclarının silinməsinin seçicilərin birbaşa satın alınması olduğu göstərilib: “Bundan başqa, seçicilərə kartof, soğan və istifadə olunmuş paltarlar da paylanılıb və bu faktları sübut edən video və audio sübutlar var”.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səslə dövlət başçısı seçilib. Onun rəqibi “Vahid Milli Hərəkat” Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze isə 40,8 faiz səs toplaya bilib.

Dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində yeni seçilmiş prezidentin andiçmə mərasimi olacaq. (AzərTAc)

Azvision.az


Teqlər: Gürcüstan   Vaşadze  





Xəbər lenti