Gəncədəki şərab festivalından - FOTOLAR

Gəncədəki şərab festivalından - FOTOLAR
  04 Noyabr 2013    Oxunub:2323
Gəncədə II beynəlxalq şərab festivalına həsr edilən elmi praktik konfrans keçirilib.
AzVision.azxəbər verir ki, konfransda şərabçılığın dünyada o cümlədə Azərbaycandakı vəziyyəti, bu sahənin inkişaf etdirilməsi üçün atılan addımlar barədə müzakirələr olub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ötən əsrin 80-ci illərində tənəzzülə uğrayan üzümçülük hazırda inkişaf etdirilib.

Festivalda Fransadan gələn qonaqlar da iştirak edib. Fransanın Şampan Arden regionunun prezidenti, Avropa Şərab Regionları Assosiasiyasının prezidenti Jan Pol Başi deyib ki, festival təkcə Azərbaycanla Fransanı birləşdirmir, eyni zamanda beynəlxalq səviyyədə insanların görüş yeridir: "Şərabçılıq sahəsində çalışan şəxslər bu festivalda görüşüb fikrilərini bölüşürlər. Bizim bura gəlməyimizin məqsədi şərab istehsalçıları ilə görüşmək, onlarla sıx münasibətlər qurmaqdır”.

Tədbirdə Azərbaycanla Fransa arasında üzümçülük və şərabçılıq sahəsində kadr hazırlığı məsələsi də müzakirə olunub.

Gəncədə 40-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə II beynəlxalq şərab festivalı keçirilib. Festival şəhər gəzintisi ilə başlayıb. Müxtəlif ölkələrdən olan qonaqlar ilk olaraq Nizami məqbərəsini ziyarət ediblər. Burada onlara dahi şairin yaradıcılığı barədə məlumat verilib və onlar Nizami muzeyi ilə tanış olublar. Daha sonra qonaqlar Bayraq meydanın və Xəmsə bağına gəliblər.

Gəncə şəhər İcra Hakimiyyəti binasında qonaqlarla görüş keçirilib. Tədbirdə Fransadan olan nümayəndələr, Özbəkistan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirak edib. Tədbirdə Fransa-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib. Görüşdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi məqsədi ilə iki ölkədən olan iş adamları arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, Göygölün Mixaylovka kəndində fransız üzüm sortlarından ibarət yeni üzümlük salınacaq. Tədbirdə həmçinin Gəncədə Fаransız çörəyinin bişirilməsi məsələsi də müzakirə edilib. Hər iki mələ ilə bağlı ilkin memorandum imzalanıb. Bildirilib ki, yaxın vaxtlarda Fransadan olan mütəxəssislər Gəncəyə gələrək burada çörək istehsal edən müəssisənin tikintisi üçün ətraflı müzakirələr aparacaqlar.

Günün ikinci yarısında isə festival şəhərin Cavad xan küçəsində davam edib. Burada respublikada şərab istehsal edən 20-ə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilib. Həmçinin küçə boyu müxtəlif kollektivlərin iştirakı ilə musiqi və kulinariya şouları göstərilib, qonaqlara aktyorların iştirakı ilə maraqlı kompozisiyaları təqdim edilib.

III Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı da Gəncəyə gələrək II şərab festivalında iştirak edib. Festivalin sonunda Atəşfəşanlıq olub.

Valantan Montane- Fransanın Burqundiya regionundan şərab istehsalçısı: “Hazırda imzaladığımız memorandumu iki ölkə arasında üzümçülük sahəsində gerçəkləşən ikili yardım hesab etmək olar. Bu əməkdaşlıq nəticəsində hər iki şirkət arasında münasibətlər daha da genişlənəcək, şərabların keyfiyyəti yüksələcək və Azərbaycan şərabının dünyada tanınmasına imkan yaradacaq”.

Pier Boğdiye- Fransanın Lion əyalətinin senatoru: “İkinci dəfədir ki, Azərbaycana qonaq gəlirəm və hər iki gəlişim arasında öz ölkəmizdə belə təmin edə bilmədiyimiz inkişafı görürəm. Sözsüz ki, bu inkişaf dövlətin siyasi iradəsinin nəticəsidir və bunu yüksək qiymətləndirirəm”.

Jan Mari Bokel- Fransalı senator: “Bu tədbirlər Fransa ilə Azərbaycan, Arzas regionu ilə Gəncə arasındakı münasibətlərin xoş bir nümunəsidir. Bu cür mədəni münasibətlər sayəsində Gəncə-Strassburq və Yevlax-Vilnus münasibətlərinin həm iqtisadi, həm də mədəni səviyyədə inkişafına zəmin yaradacaq”.

Con Lourens- Nyu York Universitetinin xarici əlaqələr üzrə kordinatoru: “Dünən Bakıda oldum, bu gün Gəncədəyəm. Gəncədə olmağımdan çox məmnunam. Burada insanlar çox mehribandır. Mən Nizaminin əsərlərinə çəkilən eksponatları gördükdə çox təsirləndim. Burada hər şey gözəldi”.

Saymen Merçi- Malta Universitetinin professoru: “Azərbaycan çox yaxşı ölkədir. İnsanlarınız gülərüzdürlər. Xəzər dənizi xoşuma gəldi. Musiqiləriniz əladır. Gəncənin də tikililəri maraqlıdır. Həm Bakı, həm də Gəncədən xoş təəssüratlarla gedirəm”.

Qeyd edək ki, Şərab festivalı Gəncə şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirliyi, həmçinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən birgə təşkil edilib. “II Gəncə Beynəlxalq Şərab Festivalı” Azərbaycan Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 saylı Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində 1-2 noyabr 2013-cü il tarixlərində qədim şərqin əsas ticarət və mədəniyyət mərkəzi rolunu oynamış məhz Gəncə şəhərində keçirilməsi əlamətdar tarixi hadisədir.

Qalereya




Teqlər:  





Xəbər lenti