İstefadan qaçan Mey Merkeldən kömək istəyir

 İstefadan qaçan Mey Merkeldən kömək istəyir
  11 Dekabr 2018    Oxunub:3229
Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı (Aİ) ilə razılaşdırdığı “Brexit” sazişi üzrə bu günə təyin olunan parlament səsverməsini təxirə saldıqdan sonra Almaniya kansleri Angela Merkelin köməyinə ümid edir.

Azvision.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən yazıb.
Qeyd olunur ki, 13-14 dekabrda keçiriləcək növbəti Aİ sammitində “Brexit” məsələsi yenidən müzakirə olunmazdan əvvəl Mey bu gün Niderlandın baş naziri Mark Rutte və Almaniya kansleri Angela Merkellə görüşlər keçirəcək. Britaniyalı deputatların təzyiqi ilə üzləşən Tereza Mey Merkellə görüşdə “Brexit” sazişində müəyyən dəyişikliklər edilməsinin mümkünlüyünü müzakirə edəcək.

Lakin Aİ “Brexit” sazişinin Britaniya parlamentində ratifikasiyasının asanlaşmasını müzakirə etməyə hazır olduğunu desə də, nə razılaşmanın ləğvi, nə də İrlandiya məsələsi üzrə yenidən danışıqların aparılacağını bildirib.

Meyin öz partiyasından olan deputatlar isə onun Britaniyanın baş naziri postundan istefasını tələb edirlər.

“Bu gün baş verməsini istədiyim şey odur ki, Mühafizəkarlar partiyasının parlamentdəki üzvləri bu cür yırğalanmaqla irəliyə doğru gedə bilməyəcəyimizin artıq fərqinə varmalıdırlar. Əgər biz onun (Tereza Meyin) sazişi ilə (“Brexit” sazişi) irəli gedə bilməyəcəyiksə, onda siyasəti dəyişməyin yeganə yolu baş nazirin özünü dəyişməkdir və mən həqiqətən düşünürəm ki, bunu etmək (istefa vermək) onun vəzifəsidir” – Meyin partiyadaşı olan deputat Stiv Beyker BBC-yə deyib.

Qeyd edək ki, biabırçı məğlubiyyətdən qaçmaq üçün ötən gün təcili hökumət iclası çağıran Tereza Mey "Brexit" sazişi üzrə bu günə təyin olunan parlament səsverməsini təxirə salıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Almaniya   Avropaİttifaqı  





Xəbər lenti