“Biz kiminsə təsiri altında deyilik” - Paşinyan sadəcə iddia edir

“Biz kiminsə təsiri altında deyilik” -  Paşinyan sadəcə iddia edir
  11 Dekabr 2018    Oxunub:3148
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan heç kimin təsiri altında olmadığını və Ermənistanın hansısa ölkənin əmrinə tabe olmadığını bəyan edib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Paşinyan xarici KİV-lər üçün keçirdiyi mətbuat konfransında parlament seçkilərindən sonra Ermənistanın xarici siyasət prioritetlərinin nədən ibarət olacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Paşinyan, həmçinin bildirib ki, Ermənistan NATO-ya üzv olmağa can atmır.

“Biz həm Rusiya Federasiyası, həm də Avropa İttifaqı ilə partnyoruq və kiminsə təsiri altında deyilik. Bizim NATO ilə münasibətlərimiz var və bu, Kosova, Əfqanıstanda sülhməramlı missiyalarla əlaqəlidir. Biz bu əməkdaşlığı davam etdirəcəyik. Amma biz NATO-ya can atmırıq. Biz KTMT-nin üzvüyük”, – Paşinyan vurğulayıb.

Erməni KİV-ləri isə yazır ki, parlament seçkilərindən sonrakı bu açıqlamada Paşinyan ilk dəfədir Ermənistanın NATO-ya qoşulmaq niyyətinin olmadığını açıq şəkildə bildirib. O Paşinyan ki, hakimiyyətə gəlməzdən əvvəl NATO da daxil olmaqla Qərb hərbi-siyasi və iqtisadi institutlarına üzv olmağın vacibliyini bəyan edərək, Rusiyadan uzaqlaşmağın “faydalarından” dəm vururdu.

Qeyd olunur ki, hakimiyyətə gəldikdən sonra mövcud geosiyasi reallıqlar çərçivəsində Ermənistanın üzləşdiyi risklərin təhlükəliliyini dərk edən Paşinyan indi bu cür bəyanatlar verməyə sadəcə məcburdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT   NATO  





Xəbər lenti