Erməni süpürgəçini öldürən rus hərbçi həbs olundu

Erməni süpürgəçini öldürən rus hərbçi həbs olundu
  11 Dekabr 2018    Oxunub:3571
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının hərbi qulluqçusu 57 yaşlı yerli sakin - süpürgəçi Cülyetta Qazaryanı öldürməkdə şübhəli bilinərək həbs olunub.
Azvision.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Lakin saxlanılan rus hərbçinin kimliyi və həbslə bağlı digər detallar barədə açıqlama verilməyib.

Qeyd edək ki, 3 dekabrda Gümrüdə 1961-ci il təvəllüdlü süpürgəçi Cülyetta Qazaryan amansızcasına döyülərək öldürülüb. Erməni mətbuatında qadının 102-ci hərbi bazanın hərbçisi tərəfindən öldürüldüyünə dair məlumatlar yayılsa da, Rusiyanın Ermənistandakı səfirliyi bunun həqiqətə uyğun olmadığını bildirib.

Səfirlik hətta bəyan edib ki, Gümrüdəki rus hərbi hissəsinin komandanlığı Rusiyanın Gümrüdəki baş konsulluğunun nümayəndələri və Ermənistan polisi ilə birlikdə apardıqları araşdırma nəticəsində şübhəli bilinən rus hərbçinin qətldə iştirak dərəcəsi və ya günahkar olmasına dair fakt aşkarlamayıblar. Ermənistanın İstintaq Komitəsi isə cinayətin naməlum şəxs tərəfindən törədildiyini bəyan etmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Gümrü   Rusiya  





Xəbər lenti