Ali məktəblərdə bəzi fənlər ləğv ediləcək

Ali məktəblərdə bəzi fənlər ləğv ediləcək
  04 Noyabr 2013    Oxunub:933
Azərbaycanda 12 illik orta təhsil sisteminin tətbiqindən sonra ali məktəblərdə I və II kurslarda bir sıra ümumi fənlər ixtisar ediləcək.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, 12 illik təhsil dünyanın aparıcı təhsil sisteminə malik olan ölkələrində tətbiq edilir. Bu sistemin hazırkı təhsil sistemindən əsas fərqi məcburi təhsilalma müddətinin 10 il olmasıdır.

Öz təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır. Ancaq bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək: "Belə ki, əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da tələbələrə ali təhsil müddətində məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək imkanı verəcək".

M.Cabbarov bildirib ki, 12 illik təhsil sisteminin tətbiqi vaxtı ölkə Prezidenti İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ilə əlaqədar Fəaliyyət Planında öz əksini tapacaq: "Bu, bir nəfərin qərarı olmamalıdır. Bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçiləcək".

Nazir 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə hələ fikir söyləyə bilməyəcəyini də qeyd edib: "Mən hər zaman ona üstünlük verirəm ki, hər bir yenilik əvvəlcə məhdud çərçivədə tətbiq olunsun, nəticələri öyrənilsin. Ondan sonra yenilik müvafiq düzəlişlər edildikdən sonra geniş miqyasda tətbiqi oluna bilər".(trend)


Teqlər:





Xəbər lenti