Tramp “Huawei” qalmaqalına qarışır

     Tramp “Huawei” qalmaqalına qarışır
  12 Dekabr 2018    Oxunub:3820
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkənin ədliyyə departamenti tərəfindən “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı irəli sürülən işə qarışa bilər. Lakin bir şərtlə ki, onun bu addımı Çinlə ticarət sazişi imzalanmasını təmin etsin.
Azvision.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə “Reuters”ə eksklüziv müsahibəsində deyib.

“Əgər hesab etsəm ki, bu, ölkəmiz və indiyədək (Çinlə) imzalayacağımız ən böyük ticarət sazişi üçün yaxşıdır – çünki bu olduqca vacibdir – və hesab etsəm ki, bu, milli təhlükəsizliyimiz üçün də yaxşıdır, onda zəruri bildiyim halda, şübhəsiz ki, bu məsələyə (“Huawei” qalmaqalına) qarışardım” – Tramp vuirğulayıb.

ABŞ prezidenti əlavə edib ki, çinli rəsmilərlə yanaşı, Ağ Ev də Vançjounun işi ilə bağlı Ədliyyə Departamenti ilə əlaqə saxlayır. Lakin Çin lideri problemin həlli üçün hələ ona zəng etməyib: “Onlar mənim adamlarımla danışırlar. Amma mənim özümə hələ zəng etməyiblər.”

Tramp, həmçinin bildirib ki, Çin lideri Si Tsinpinlə ticarət müqaviləsi bağlayacağının mümkünlüyünə ümid edir və bu məsələyə nikbin yanaşır.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru Men Vançjou ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Məsələ ilə əlaqədar Kanadanın Pekindəki səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilərək, Vançjounun dərhal sərbəst buraxılması tələb olunub.

Vaşinqton iddia edir ki, Vançjou ABŞ sanksiyalarını pozaraq İranla əlaqəli küllü miqdarda bank köçürmələrinin təmizlənməsini həyata keçirib. Əgər ABŞ məhkəməsi “Huawei”nin maliyyə direktorunu təqsirkar sayarsa, onu 30 illik həbs cəzası gözləyir. Hazırda Kanadada olan Vançjou 7,5 milyon dollar müqabilində həbsdən zaminə buraxılıb və ABŞ-a ekstradisiyası prosesi başa çatanadək Vankuverdəki evində nəzarət altında saxlanılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kanada   Çin   ABŞ   “Huawei”  





Xəbər lenti