Strasburqda insanlara atəş açan şəxs 27 dəfə həbsdə olub

 Strasburqda insanlara atəş açan şəxs 27 dəfə həbsdə olub
  12 Dekabr 2018    Oxunub:4046
Ötən axşam Strasburqda 4 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə əlaqədar aparılan istintaq çərçivəsində Fransanın hüquq-mühafizə orqanları 4 şübhəlini saxlayıb.
Azvision.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Parisin prokuroru Remi Eyts keçirdiyi mətbuat konfransında deyib. Lakin Strasburqda Milad yarmarkasına atəş açan və polislə qarşıdurmada yaralandıqdan sonra hadisə yerindən uzaqlaşan başlıca cinayətkar - 29 yaşlı Şərif Şerkati isə hələ də tapmaq mümkün olmayıb. Onun axtarışına Fransa hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb olunub. Prokurorun sözlərinə görə, əsas cinayətkar indiyədək 27 dəfə məhkum olunub.

"Əsas şübhəliyə yaxın olan 4 nəfər bu gecə saxlanılıb və onlar hələ də polis nəzarəti altındadırlar. Başlıca şübhəlinin uzun illər ərzində ədalət mühakiməsilə problemləri olub. Fransa, Almaniya və İsveçrədə törətdiyi cinayətlərə görə dəfələrlə həbsxanada yatıb və indiyədək ümumilikdə 27 dəfə məhkum edilib", - deyə Eyts bildirib.

Fransa KİV-ləri isə yazır ki, polisin saxladığı 4 şübhəlidən 2-si Şərifin qardaşıdır.

“Der Tagesspiegel” qəzeti də Fransa təhlükəsizlik qüvvələrindəki mənbələrinə istinadən yazıb ki, Şərif və onun qardaşı barədə polisin əlində kifayət qədər informasiya var. Belə ki, Şərif 2016-cı ilin yanvarından 2017-ci ilin fevralınadək aptekdən oğurluq etdiyinə görə Almaniyada həbsxanaya salınıb. Sonra isə Fransaya ekstradisiya edilib. İstisna edilmir ki, yaralı Şərif artıq Fransadan çıxaraq Almaniyaya keçə bilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Strasburq   Almaniya   Fransa  





Xəbər lenti