Merkel Meyə kömək etmədi

  12 Dekabr 2018    Oxunub : 2859
 Merkel Meyə kömək etmədi
Biabırçı məğlubiyyətdən qaçmaq üçün “Brexit” sazişi üzrə 11 dekabra təyin olunan parlament səsverməsini təxirə saldıqdan sonra Almaniya kansleri Angela Merkellə görüşərək sazişin bəzi müddəalarının yenidən müzakirəsini xahiş edən Böyük Britaniyanın baş naziri Tereza Mey rədd cavabı alıb.
Azvision.az xəbər verir ki, Bundestaqda çıxışı zamanı deputatların suallarının cavablandıran Merkel Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının şərtlərini müəyyənləşdirən və artıq Londonla Brüssel arasında razılaşdırılan “Brexit” sazişinə dəyişikliklər edilməyəcəyini bəyan edib.

“Sabah biz “Brexit” mövzusunu müzakirə edəcəyik və baş nazir Tereza Meyin hesabatını dinləyəcəyik. Biz sazişi yenidən dəyişməyə hazırlaşmırıq. Bu, Aİ-nın 27 üzv ölkəsinin vahid mövqeyidir. Almaniya Birləşmiş Krallığın Aİ-dan nizamlı şəkildə (sazişlə) ayrılmasının tərəfdarıdır” - Merkel vurğulayıb.

Qeyd edək ki, 13-14 dekabrda Brüsseldə keçiriləcək Aİ liderlərinin növbəti sammitində “Brexit” məsələsi də müzakirə ediləcək.

Onu da xatırladaq ki, Avropa İttifaqının 25 noyabrda keçirilən fövqəladə sammitində üzv dövlətlər Britaniyanın İttifaqdan ayrılmasına dair Londonla əldə olunmuş “Brexit” sazişini və Aİ-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi bəyannaməni qəbul ediblər. Lakin sənədlər Avropa Parlamenti və Britaniya parlamentində təsdiqlənməlidir. Lakin "Brexit" sazişinin bəzi müddəalarına etiraz edən britaniyalı deputatlar sənədi ratifikasiya etməyəcəklrini və baş nazirə etimadsızlıqla bağlı səsvermə keçirəcəklərini bildiriblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Almaniya   Britaniya   Avropaİttifaqı