Dövlət qurumlarından “Qışa hazırıq” MESAJI

Dövlət qurumlarından “Qışa hazırıq” MESAJI
  04 Noyabr 2013    Oxunub:1233
Qış fəsli gəlməmiş əhali arasında həmişəki narazılıqlar ortaya çıxır. Kimisi qazın olmamasından, kimisi də işıq problemindən gileylənir. İnsanların qışda ən çox üzləşdikləri problemlər də məhz bunlardır: qaz, işıq, su və istilik çatışmazlığı...

Bir sözlə, qış aylarında həm işığı, həm qazı, həm də suyu, üçünü bir arada tapmaq müşkül məsələyə çevrilir.

Maraqlıdır ki, bu qışda necə, belə problemlərlə üzləşəcəyikmi?

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzVision.az-a qışa tam hazır olduqlarını bildirib.

“Yaz aylarından qışa hazırlığa başlamışıq. 2013-2014 cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanır. Bu tədbirlər planına müvafiq olaraq, istər Bakı şəhərində, istərsə də müxtəlif rayonlarda işlər həyata keçirilir. Yeni qaz xətləri çəkilib, qaz tənzimləyicilər quraşdırılıb. Müəyyən regionlarda yol keçidləri dəyişdirilib. Ehtiyac duyulan yerlərdə kiçik diametrli qaz xətləri iri diametrli qaz xətləri ilə əvəzlənib. Bəzi yerlərdə həyətlərdən keçən qaz xətləri, yeraltı qaz xətləri yerüstünə çıxarılıb. Dairəvi əlaqələndirmə məqsədi ilə qaz xətləri çəkilib.

Yeni ölçü qovşaqları quraşdırılıb. Bütün bu tədbirlərin məqsədi payız-qış mövsümunə hazırlıq xarakteri daşıyır. 9 ayın göstəricilərinə görə, təkcə qaz istismar sahələrinin daxili imkanları hesabına 324 km qaz xətti çəkilib. Qaz sərfiyyatının artırılması qaza olan tələbata uyğun olaraq tənzimlənir. Havalar kəskin soyuyarsa, tələbat artarsa, qazın verilməsini də bu tələbata uyğun olaraq, tənzimləyəcəyik.

"Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov da əhalinin narahatlığına əsas olmadığını deyib.

“Bu ilin 9 ayında 1800 km dən artıq su xətti, 211km kanalisaziya xətti çəkmişik.128 mindən smartkartla sayğac quraşdırmışıq, 61 ədəd anbar tikilib. Qışda yağış, qrunt sularının axıdılması ilə bağlı işlər görülür. Yağıntılı dövr payız və qış dövrünə düşür. 9 ayda 280 kv km uzunluğunda kanalizasiya xətlərini yumuşuq. Qışda ən çox yaranan problemlərdən biri su xətlərinin donması olur. Bu zaman da sayğaclar sıradan çıxır. Biz sayğacları xüsusi izolyasiya olunmuş qutularda yerləşdiririk. Şaxta olduqda həmin sayğac sıradan çıxmasin. Bu istiqamətdə tədbirlərimiz davam edir. 2012-ci ildə donma nətcəsində Bakıda 10 mindən artıq sayğac sıradan çıxdı. İstifadəçilərin nəzərinə çatdırmaq istəyirəm ki, sayğacları taxta ovuntularının içərisində saxlasınlar, ya da sayğacın üstünü parça ilə örtsünlər”.

"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev da qışda problemlərin yaşanmaması üçün lazımı işlərin görüldüyünü qeyd edib:

“Həmişə qışa yüksək səviyyədə hazırıq. 2013-2014-cü il payız-qış mövsümünə hazırlıq tədbirlərinə gəlincə, "Bakıelektrikşəbəkə"nin təsdiq olunmuş tədbirlər proqramına əsasən, şəbəkələrdə cari və əsaslı təmi işləri müəyyən edilmiş bir müddətdə həyata keçirilir. Elektrik avadanlıqlarının texnikiləşdirilməsi, aşkar edilmiş nasazlıqların aradan qaldırılması, bina və qurğuların təmiri, maşın və mexanizmlərin saz vəziyyətə gətirilməsi, yanğına qarşı tədbirlərin görülməsi həyata keçirilib. Son 5-6 il ərzində 23 ədəd 10 kilovatlıq, 61 ədəd 35 kilovatluq yeni yarımstansiyalar inşa edilib. 2000-ə yaxın məntəqə əsaslı təmir olunub. Bununla da hazırkı şəbəkəmizin gücü 2006-cı illə müqayisədə xeyli artıb”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti