“Huawei” qalmaqalı böyüyür - Kanadadan ABŞ-a xəbərdarlıq

 “Huawei” qalmaqalı böyüyür -  Kanadadan ABŞ-a xəbərdarlıq
  13 Dekabr 2018    Oxunub:3554
Kanadanın xarici işlər naziri Xristya Friland “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounun ekstradisiyası məsələsinin siyasiləşdirilməməsi barədə ABŞ-a xəbərdarlıq edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Friland jurnalistlərə açıqlamasında “Huawei” məsələsinə görə artıq ikinci Kanada vətəndaşının Çində problemlə üzləşdiyini deyib. Belə ki, Çin hökuməti kanadalı keçmiş diplomat, Beynəlxalq Böhran Qrupunun şimal-şərqi Asiya üzrə baş məsləhətçisi Maykl Kovriqi saxlayıb.

Kanadalı nazirin sözlərinə görə, siyasi səbəblər üzündən hüquqi proseslər pozulmamalıdır və Vançjounun vəkilləri onun ekstradisiyası üzrə mübarizəyə başlasalar ,Trampın sözlərinə istinad edəcəklər.

Çin hakimiyyəti isə bəyan edir ki, Kovriqin həbsini “Huawei” şirkətinin maliyyə direktoru ətrafında yaranan problemlə əlaqələndirmirlər. Lakin Kanada bu fikirdə deyil.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru Men Vançjou ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Məsələ ilə əlaqədar Kanadanın Pekindəki səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilərək, Vançjounun dərhal sərbəst buraxılması tələb olunub.

Vaşinqton iddia edir ki, Vançjou ABŞ sanksiyalarını pozaraq İranla əlaqəli küllü miqdarda bank köçürmələrinin təmizlənməsini həyata keçirib. Əgər ABŞ məhkəməsi “Huawei”nin maliyyə direktorunu təqsirkar sayarsa, onu 30 illik həbs cəzası gözləyir. Hazırda Kanadada olan Vançjou 7,5 milyon dollar müqabilində həbsdən zaminə buraxılıb və ABŞ-a ekstradisiyası prosesi başa çatanadək Vankuverdəki evində nəzarət altında saxlanılır.

Trampın fikrincə, əgər bilsə ki, onun müdaxiləsi Çinlə ticarət sazişi imzalanmasını təmin edəcək, onda Men Vançjouya qarşı irəli sürülən işə qarışa bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kanada   Çin   ABŞ   “Huawei”  





Xəbər lenti