İkinci Permyakov qalmaqalı - Moskva hərbçisini İrəvana vermir

  13 Dekabr 2018    Oxunub : 7267
 İkinci Permyakov qalmaqalı - Moskva hərbçisini İrəvana vermir
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının əsgəri tərəfindən süpürgəçi işləyən 57 yaşlı yerli erməni sakini Cülyetta Qazaryanın öldürülməsi Moskva ilə İrəvan arasında ikinci Permyakov qalmaqalına səbəb olacaq.
Azvision.az xəbər verir ki, bu barədə süpürgəçi qadının qətlinə münasibət bildirən erməni vəkil Norayr Norikyan bəyan edib. Onun sözlərinə görə istintaq prosesini İrəvan tərəfi aparmalı olsa da, Moskva cinayəti törədən rus hərbçini Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edir və onu 102-ci bazada saxlayır.

Vəkilin sözlərinə görə, rus hərbçiləri ilk dəfə deyil ki Ermənistanda cinayət törədirlər. Bu cür məsələlərdə cinayətkarın məsuliyyətə cəlb edilməsi ilə bağlı vəziyyət İrəvanla Moskva arasında hərbi bazaya dair müqavilə və qarşılıqlı hüquqi yardım haqqında sazişlərlə tənzimlənir. Həmin sazişin 4-cü maddəsində göstərilir ki, rus hərbi bazasının qulluqçusu tərəfindən Ermənistan ərazisində törədilən cinayətlər Ermənistan qanunvericiliyinə uyğun olaraq araşdırılır. Lakin hərbi bazanın yerləşdiyi ərazidə törədilən, Rusiyaya və ya bazanın özünə, yaxud hərbçilərin ailə üzvlərinə qarşı istiqamətlənən cinayətlər istisnadır və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən mühakimə edilir.

“Aydındır ki, bu bəndlərdən heç biri hazırkı faciəyə uyğun gəlmir. Vurğulamaq istəyirəm ki, Ermənistan Cinayət Məcəlləsinin 14-cü maddəsində göstərilir ki, respublika ərazisində cinayət törədən şəxs bu məcəllə üzrə müvafiq məsuliyyətə cəlb edilir. Amma nəzərə alsaq ki, hərbçi rus hərbi bazasının ərazisində yerləşir, heç bir şübhə yoxdur ki, Permyakov məsələsində olduğu kimi Rusiya Konstitusiyasının Rusiya Federasiyası vətəndaşının başqa dövlətlərə təhvil verilməsini qadağan edən 61-ci maddəsinə istinad ediləcək. Əgər belə hallar və cinayətlər təkrar ediləcəksə, onda Rusiya tərəfi ilə imzalanan müqavilələrə dəyişikliklər edilməlidir” – Norikyan bildirib. O, həmçinin əlavə edib ki, Moskvanın qanundan bu cür “istifadəsi” qəbuledilməzdir.

Xatırladaq ki, Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci ilin yanvarında Avetisyanlar ailəsinin 7 üzvünü güllələmişdi. Ermənistan cəmiyyətinin kütləvi etirazlarına və cinayətkarın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələblərinə baxmayaraq, Permyakov məhz 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində Rusiya qanunvericiliyə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdı. Daha sonra isə Rusiyaya ekstradisiya edilmişdi.

Maraqlıdır ki, Serj Sarkisyanın rəhbərlik etdiyi o zamankı Ermənistan hakimiyyəti məsələ ilə bağlı əhaliyə müraciət ünvanlamamışdı və ölkədə heç matəm də elan olunmamışdı. Odur ki, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın bu dəfəki cinayətdə Moskva ilə necə davranacağı və süpürgəçini öldürən rus hərbçinin məhz Ermənistan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi üçün hansı addımları atacağı erməni ekspertləri arasında ciddi maraq doğurur.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Gümrü   Rusiya