Lavrov Bakıya yola düşdü: Əliyev və Məmmədyarovla Qarabağı müzakirə edəcək

  13 Dekabr 2018    Oxunub : 4460
 Lavrov Bakıya yola düşdü: Əliyev və Məmmədyarovla Qarabağı müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Azərbaycana yola düşüb.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.
Onun sözlərinə görə, ölkəmizə 2 günlük səfəri çərçivəsində Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşlər keçirəcək.

“Rusiya xarici işlər naziri Azərbaycanın prezidenti tərəfindən qəbul olunacaq. Görüş bu gün baş tutacaq. Bundan başqa, Azərbaycanın xarici işlər naziri ilə də görüş keçiriləcək. Tərəflər Azərbaycanla Rusiya arasında qarşılıqlı əməkdaşlığın başlıca aspektlərini, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə edəcəklər” – Zaxarova vurğulayıb.

Jurnalistlərin sualını cavablandıran Zaxarova həmçinin bildirib ki, Bakıdakı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.

"Əminəm ki və bunu hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya xarici işlər nazirinin regiona səfəri çərçivəsində Bakı və İrəvanda keçirdiyi görüşlərdə və baş tutan təmaslarında ən aktual mövzulardandır. Təbii ki, bu, həm Qarabağ mövzusunun hər iki tərəf üçün başlıca olması, həm də Rusiyanın nizamlanma prosesində həmsədr olması ilə əlaqədardır" - Zaxarova vurğulayıb.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib. Nazir Elmar Məmmədyarov bildirib ki, təşkilata sədrlik dövründə prioritet regionda nəqliyyat qovşağının inkişafı olacaq. Onun sözlərinə görə, Azərbaycan bu müddətdə turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrin inkişafına da xüsusi diqqət yetirəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Rusiya   QDİƏT