Paşinyanla Putinin qaz danışıqları - Qiymət azalacaqmı?

  13 Dekabr 2018    Oxunub : 3026
 Paşinyanla Putinin qaz danışıqları - Qiymət azalacaqmı?
Sankt-Peterburqa səfəri zamanı Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan danışıqlarda Ermənistana satılan rus təbii qazının qiyməti məsələsini müzakirə edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın enerji və təbii resurslar nazirinin səlahiyyətlərini icra edən Qaregin Baqramyan müvəqqəti hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Lakin Paşinyanla Putin arasındakı söhbətin detallarını və qiymətin azaldılıb-azaldılmayacağını açıqlamayıb. Baqramyanın sözlərinə görə, hazırda təbii qazın qiymətlərinə dair İrəvanla Moskva arasında rəsmi səviyyədə danışıqlar davam etdirilir və hələ ki bu məsələ üzrə tam razılıq əldə olunmayıb.

“Qaz satışı barədə hazırkı müqavilənin müddəti 31 dekabrda başa çatır. Amma bu, problemlərə gətirib çıxarmayacaq, çünki mürəkkəb və vaxtaparan danışıqların bitməsinədək müqavilənin müddəti avtomatik qaydada uzadılacaq”, - deyə Baqramyan vurğulayıb.

Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazın min kubmetrini 150 dollara satır. İrəvan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Erməni KİV-ləri isə yazır ki, əgər razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi ilə nəticələnəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Azərbaycan