Husilər Hudeydadan çıxmağa razılaşdı

   Husilər Hudeydadan çıxmağa razılaşdı
  13 Dekabr 2018    Oxunub:4867
Yəməndəki münaqişə nəticəsində silahlı husi üsyançılarının əlinə keçən Hudeyda liman şəhəri BMT-nin nəzarəti altına keçəcək.

Azvision.az xəbər verir ki, bu barədə Yəməndə siyasi nizamlanma üzrə İsveçdə aparılan danışıqların yekununa dair mətbuat konfransı keçirən BMT baş katibi Antoniu Quterreş bəyan edib.
“BMT Hudeyda limanında böyük rol oynayacaq, eləcə də ona nəzarət edəcək” –Quterreş bildirib.

Danışıqlarda Yəmən hökumətinin nümayəndə heyətinə rəhbərlik edən Yəmənin xarici işlər naziri Xalid əl-Yamani vurğulayıb ki, “husilər ilk dəfədir ki, Hudeyda limanından çıxmağa razılaşıblar və bunun öz bir nailiyyətdir”.

Qeyd edək ki, ötən həftədən bəri İsveçdə davam edən Yəmən danışıqlarında ən çətin məsələlərdən biri Qırmızı dəniz sahilindəki strateji əhəmiyyətli Hudeyda liman şəhərinin taleyi olub. Çünki Yəmən hökuməti iddia edir ki, bu liman vasitəsilə husi üsyançıları İrandan silah əldə edirlər. Uzun müddətdir ki, ərəb koalisiyasının dəstəyi ilə Yəmənin hökumət qüvvələri Hudeydanı husilərdən almağa çalışsa da, buna nail ola bilməmişdi.

İsveçdəki danışıqlarda həmçinin, Yəmən münaqişəsindəki əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılıq əldə edilib. Husilərin nümayəndə heyətinin üzvü Əbdül Məcid əl-Xanş bəyan edib ki, onlar ərəb koalisiyasının 40 səudiyyəli hərbçisi daxil olmaqla, saxladıqları əsirləri Yəmən və koalisiya qüvvələrinin əlindəki öz silahdaşları ilə dəyişdirməyə hazırdırlar.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Husi   İran   Yəmən   BMT  





Xəbər lenti