“Süpürgəçinin qətlini siyasiləşdirməyin” - Rusiyadan İrəvana çağırış

“Süpürgəçinin qətlini siyasiləşdirməyin” -  Rusiyadan İrəvana çağırış
  14 Dekabr 2018    Oxunub:4560
Rusiyanın Ermənistandakı səfirliyi İrəvanı Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri tərəfindən erməni süpürgəçinin öldürülməsinə siyasi rəng qatmamağa və məsələni siyasiləşdirməməyə çağırıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Gümrüdəki faciəvi insidentlə əlaqədar emosional şərhlər axınının səngimədiyini görürük. Əvvəlkitək, bu mövzunu siyasiləşdirməməyə və tələsik nəticələr çıxarmamağa, həmçinin, erməni istintaq orqanlarının öz işini yerinə yetirmələrinə mane olmamağa çağırırıq. Eyni zamanda, zərərçəkənin doğma və yaxınlarına başsağlığı vermək istərdik” – səfirliyin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının hərbi qulluqçusu 57 yaşlı yerli sakin - süpürgəçi Cülyetta Qazaryanı öldürməkdə şübhəli bilinərək həbs olunub. Hazırda Moskva cinayəti törədən rus hərbçini Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edir və onu 102-ci bazada saxlayır. Erməni ekspertlər hesab edirlər ki, bu məsələ Moskva ilə İrəvan arasında ikinci Permyakov qalmaqalına səbəb olacaq.

Qeyd edək ki, Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci ilin yanvarında Avetisyanlar ailəsinin 7 üzvünü güllələmişdi. Ermənistan cəmiyyətinin kütləvi etirazlarına və cinayətkarın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələblərinə baxmayaraq, Permyakov məhz 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində Rusiya qanunvericiliyə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdı. Daha sonra isə Rusiyaya ekstradisiya edilmişdi.

Maraqlıdır ki, Serj Sarkisyanın rəhbərlik etdiyi o zamankı Ermənistan hakimiyyəti məsələ ilə bağlı əhaliyə müraciət ünvanlamamışdı və ölkədə heç matəm də elan olunmamışdı. Odur ki, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın bu dəfəki cinayətdə Moskva ilə necə davranacağı və süpürgəçini öldürən rus hərbçinin məhz Ermənistan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi üçün hansı addımları atacağı erməni ekspertləri arasında ciddi maraq doğurur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Gümrü   Rusiya  





Xəbər lenti