Makron əhalini etirazlara qoşulmamağa çağırıb

Makron əhalini etirazlara qoşulmamağa çağırıb
  15 Dekabr 2018    Oxunub:4709
Brüsseldə səfərdə olan Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat-konfransında “sarı jiletlilər”in bu gün kütləvi etiraz aksiyalarını davam etdirmələrinə münasibət bildirib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Makron hazırda Fransanın sakitliyə ehtiyac duyduğunu xatırladaraq, əhalini etirazlara qoşulmamağa çağırıb.
“Düşünürəm ki, bu gün bizim ölkəmiz sakitlik və nizam-intizama, normal yaşam fəaliyyətinin bərpasına ehtiyac duyur” , - deyə Fransa prezidenti bəyan edib.

Fransanın daxili işlər naziri Kristof Kastaner də öz növbəsində “sarı jiletlilər”ə xəbərdarlıq edərək, Strasburqdakı atışmadan sonra mümkün terror aktı təhlükəsinə qarşı aksiyalarda “ağıllı davranmağı” məsləhət görüb.

Qeyd edək ki, bu gün “sarı jiletlilər” Fransada növbəti kütləvi etiraz aksiyaları keçirəcəklər. Etirazlarla əlaqədar paytaxt Parisin mərkəzində 40 metro stansiyası, həmçinin, şəhərətrafı bir neçə sürətli elektrik qatarı stansiyaları bağlanıb. Parisin nəqliyyat idarəsi yerüstü nəqliyyat vasitələri və hava limanı ekspresslərinin hərəkətində ciddi pozuntular olacağı ilə bağlı xəbərdarlıq edib. Bu günkü aksiyalar zamanı asayişin qorunması, iğtişaşların və mümkün təxribatların qarşısının alınması üçün bütün Fransa ərazisi üzrə 69 min polis cəlb edilib.

Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzin qiymətlərinin artmasına qarşı çıxaraq etiraz aksiyası keçirirlər. Artıq “sarı jiletlilər”in aksiyalarına Fransa cəmiyyətinin müxtəlif təbəqələri, hətta polis işçilərinin həmkarlar ittifaqı da qoşulub. Yeni tələblərə isə sosial xərclərin və ilkin tələbat məhsulları qiymətinin azaldılması, vergilərin artırılmasının tamamən dayandırılması, yüksək vəzifəli məmurların bütün gəlirlərinin, maaşlarının, imtiyazlarının, hazırkı və gələcək pensiyalarının əhəmiyyətli dərəcədə azaldılması və hətta prezident Emmanuel Makronun istefası daxildir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Fransa  





Xəbər lenti