Pentaqon Rusiya ilə danışıqlardan qaçır

   Pentaqon Rusiya ilə danışıqlardan qaçır
  15 Dekabr 2018    Oxunub:5191
Rusiya müdafiə naziri Sergey Şoyqu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) rəhbəri Ceyms Mettisə rəsmi müraciət edərək “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqaviləyə dair iki ölkə arasında yaranmış problemi müzakirə etməyə çağırıb, lakin Pentaqondan bu müraciətə heç formal cavab da verilməyib.
Azvision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ABŞ səfirliyinin hərbi attaşesi vasitəsilə Pentaqonun rəhbərinə 2 rəsmi məktub göndərilib. Birinci məktub Suriyadakı vəziyyətlə əlaqədardır. İkinci isə “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqaviləyə riayət edilməsi məsələsində tərəflər arasındakı fikir ayrılıqlarının müzakirəsinə aiddir.

Məktubda deyilir ki, “Rusiyanın Müdafiə Nazirliyi birgə gündəlikdəki bütün aktual problemlər üzrə Pentaqonla açıq və predmetli dialoqa hazırdır”

“Artıq məktubun verilməsindən 3 gün keçib və Rusiyanın Müdafiə Nazirliyinin bu müraciətinə ABŞ-ın hərbi strukturundan hətta formal reaksiya da gəlməyib. Bu, Amerika tərəfinin regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün aktual problemlərin həlli naminə Rusiya ilə arqumentasiyalı və peşəkar dialoq aparmaq istəyinin olmamasını göstərir”, – deyə Konaşenkov bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal təhlükəsizliyə ciddi zərbə dəyə bilər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Rusiya   Pentaqon   ABŞ  





Xəbər lenti