Fransada aksiya öncəsi kütləvi həbslər başladı

Fransada aksiya öncəsi kütləvi həbslər başladı
  15 Dekabr 2018    Oxunub:5046
Fransanın güc strukturları “sarı jiletlilər”in bu günə təyin olunan növbəti kütləvi etirazları başlamazdan öncə artıq səhər satlarından etibarən 25 nəfəri həbs ediblər.
Azvision.az “Cnews” telekanalına istinadən xəbər verir ki, onlardan 10-u Parisin yerləşdiyi İl-de-Frans regionunda, digərləri isə paytaxt ətrafı dairələrdə aksiya öncəsi yoxlanışlar zamanı saxlanılıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, gün ərzində Parisin vağzallarında ilkin yoxlanış aparılacaq. Artıq polis zirehli texnika və 2 metr hündürlüyündəki baraj hasarlarla Parisin mərkəzindəki Yelisey sarayına girişi bağlayıb. “Sarı jiletlilər” isə aksiya üçün Parisin mərkəzinə doğru toplanmağa başlayıblar.

Qeyd edək ki, bu gün “sarı jiletlilər” Fransada növbəti kütləvi etiraz aksiyaları keçirəcəklər. Etirazlarla əlaqədar paytaxt Parisin mərkəzində 40 metro stansiyası, həmçinin, şəhərətrafı bir neçə sürətli elektrik qatarı stansiyaları bağlanıb. Parisin nəqliyyat idarəsi yerüstü nəqliyyat vasitələri və hava limanı ekspresslərinin hərəkətində ciddi pozuntular olacağı ilə bağlı xəbərdarlıq edib. Bugünkü aksiyalar zamanı asayişin qorunması, iğtişaşların və mümkün təxribatların qarşısının alınması üçün bütün Fransa ərazisi üzrə 69 min polis cəlb edilib.

Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzin qiymətlərinin artmasına qarşı çıxaraq etiraz aksiyası keçirirlər. Artıq “sarı jiletlilər”in aksiyalarına Fransa cəmiyyətinin müxtəlif təbəqələri, hətta polis işçilərinin həmkarlar ittifaqı da qoşulub. Yeni tələblərə isə sosial xərclərin və ilkin tələbat məhsulları qiymətinin azaldılması, vergilərin artırılmasının tamamən dayandırılması, yüksək vəzifəli məmurların bütün gəlirlərinin, maaşlarının, imtiyazlarının, hazırkı və gələcək pensiyalarının əhəmiyyətli dərəcədə azaldılması və hətta prezident Emmanuel Makronun istefası daxildir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Fransa  





Xəbər lenti