Katalonlardan Qarabağ separatçılarına dəstək

 Katalonlardan Qarabağ separatçılarına dəstək
  15 Dekabr 2018    Oxunub:5500
İspaniyanın tərkibindən ayrılaraq müstəqilliyə can atan Kataloniya muxtar regionu prezidentinin əlaqələndiricisi Aleksis Kamarqon katalon probleminin Dağlıq Qarabağ məsələsinə bənzədiyini deyib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan “Facebook” səhifəsində yazıb.

“Mən indi Berlindəyəm. Hazırda mədəniyyət diplomatiyası üzrə illik beynəlxalq konfrans keçirilir. Burada müxtəlif ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, nazirlər, səfirlər, deputatlar iştirak edirlər. Bu gün “Kataloniya Günü” idi. Bu münasibətlə Puçdemon (Kataloniyanın mühacirətdə olan sabiq rəhbəri) hökumətinin üzvü Elza Altad Villa çıxış etdi. O, ispan təhlükəsizlik qüvvələrinin zorakılığından danışdı və sonra müzakirələr başladı. Və birdən Kataloniya prezidentinin əlaqələndiricisi Aleksis Kamarqon bəyan etdi ki, “Kataloniya problemi Qarabağ məsələsinə çox bənzəyir” – Baqratyan yazıb.

Onun sözlərinə görə, daha sonra konfransa sədrlik edən Kataloniya hökumətinin rəsmisi Elzadan Kamarqonun bu sözlərinə aydınlıq gətirməsini istəyib və bu problemlərin sonunun nə ilə nəticələnəcəyini soruşub. Elza isə cavabında erməni separatçılarına dəstək olaraq bildirib ki, həm katalonlar, həm də ermənilər “qalib gələcəklər”.

Bununla da, Kataloniya separatçıları İrəvanın işğalçı siyasətinə və Qarabağ separatçılarına növbəti dəfə dəstəyini nümayiş etdirib. Özü də beynəlxalq səviyyədə.

Maraqlıdır ki, “Beynəlxalq hüququn inkişafı, insan hüquqlarının müdafiəsi və demokratiyanın təşviqi” adı altında keçirilən mədəniyyət diplomatiyası üzrə beynəlxalq konfransın başlıca mövzusu günümüzdə beynəlxalq ictimaiyyətin yeni sosial iğtişaşlarla üzləşməsi və qlobal formada ekstremizm, miqrasiya və separatçı meyllərin artmasına qarşı birgə mübarizə olsa da, orada Kataloniya timsalında separatizmi dəstəkləyənlər dəvət olunub, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi başlıca prinsiplərinin pozulmasının təşviqi üçün onlara şərait yaradılıb.

Qeyd edək ki, Kataloniya məsələsi ilə Dağlıq Qarabağ münaqişəsi nəinki mahiyyəti, o cümlədən də tarixi, dini-etnik baxımdan bir-birindən tamamilə fərqlənirlər. Kamarqonun söylədiklərinə gəlincə isə, bu iki məsələni bir-birinə bənzədən yeganə amil separatizmdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:   Qarabağ  





Xəbər lenti