Çində korrupsiyanın kökü kəsilib - 1,5 milyon məmur cəzalandırılıb

 Çində korrupsiyanın kökü kəsilib -   1,5 milyon məmur cəzalandırılıb
  18 Dekabr 2018    Oxunub:3761
İslahatlar və açıqlıq siyasətinin həyata keçirilməsi nəticəsində son 40 il ərzində Çin dövlət strukturları və Kommunist partiyası sıralarında korrupsiyaya qarşı inamlı qələbəyə nail olub.

Azvision.az xəbər verir ki, bu barədə Çin lideri Si Tsinpin islahatlar və açıqlıq siyasətinin 40 illiyi münasibətilə keçirilən təmtəraqlı tədbirdə çıxışı zamanı deyib.
“Biz intizama ciddi riayət edilməsini davam etdirir, bütün gücümüzlə formallıq, bürokratiya, hedonizm (əyləncə və zövqü həyatın başlıca məqsədi hesab edən etik cərəyan) və israfçılıqla mübarizə aparmağa çalışır və korrupsiya ilə mübarizədə sərtlik və sıfır tolerantlıq göstəririk. Bunların nəticəsində korrupsiya ilə mübarizədə inamlı qələbə qazanmışıq” – Tsinpin vurğulayıb.

O, əlavə edib ki, Çin digər ölkələrin maraqlarını öz inkişafı naminə qurban verməyəcək. Çinin inkişafının kimlərəsə qarşı təhdid olmadığını vurğulayan Tsinpin həmçinin, qarşılıqlı hörmət, ədalət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni beynəlxalq münasibətlər modelinin formalaşdırılmasının təşviq edilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, Çində korrupsiya ilə irimiqyaslı mübarizəyə məhz Si Tsinpinin hakimiyyətə gəlməsilə start verilib. Həmin vaxtdan etibarən Kommunist partiyasındakı intizamı pozan və korrupsiya ilə məşğul olan 1,5 milyon çinli məmur cəzalandırılıb. Son 40 ildə keçirilən islahatlar və açıqlıq siyasəti nəticəsində Çin kasıb aqrar ölkədən dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsinə çevrilib.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Çin  





Xəbər lenti