Erməni qadını öldürən rus hərbçinin kimliyi bilindi

 Erməni qadını öldürən rus hərbçinin kimliyi bilindi
  18 Dekabr 2018    Oxunub:5002
Ermənistanın Gümrü şəhərində 57 yaşlı yerli sakin - süpürgəçi Cülyetta Qazaryanı öldürməkdə təqsirləndirilən rus hərbçinin kimliyi və qətl proses barədə bəzi detallar məlum olub.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, qadını öldürən Gümrüdəki 102-ci rus hərbi bazasında müqavilə əsasında xidmət keçən 23 yaşlı sürücü-mexanik – A.R. adlı şəxsdir. Adı tam açıqlanmayan rus hərbi qulluqçunun qətldə birbaşa iştirakı ilə bağlı fakt paltardakı lifin ekspertizası əsasında müəyyənləşdirilib.

Qeyd olunub ki, 2 dekabr tarixində sübh tezdən A.R. Gümrünün Slobodka məhəlləsində süpürgəçi Cülyetta Qazaryana hücum edərək onu amansızlıqla döyüb. Aldığı zərbələr nəticəsində sifəti tanınmaz hala gələn qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Rus hərbi qulluqçu Şirak əyalətinin birinci instansiya məhkməsinin qərarı ilə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Daha sonra isə Rusiya tərəfinə təhvil verilib, hazırda 102-ci hərbi bazada saxlanılır.

Erməni ekspertlər hesab edirlər ki, bu məsələ Moskva ilə İrəvan arasında ikinci Permyakov qalmaqalına səbəb olacaq. Serj Sarkisyanın rəhbərlik etdiyi o zamankı Ermənistan hakimiyyəti 2015-ci ildə 102-ci bazanın hərbçisi Permyakovun Avetisyanlar ailəsinin 7 üzvünü güllələməsilə bağlı əhaliyə müraciət ünvanlamamışdı və ölkədə heç matəm də elan olunmamışdı. Odur ki, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın bu dəfəki cinayətdə Moskva ilə necə davranacağı və süpürgəçini öldürən rus hərbçinin məhz Ermənistan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi üçün hansı addımları atacağı erməni ekspertləri arasında ciddi maraq doğurur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti