Putin ABŞ-ı nüvə raketləri ilə hədələdi: “Bizim onsuz da hər şeyimiz var”

 Putin ABŞ-ı nüvə raketləri ilə hədələdi:  “Bizim onsuz da hər şeyimiz var”
  18 Dekabr 2018    Oxunub:5651
Əgər ABŞ “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxarsa, Rusiya üçün yer tipli orta mənzilli raketlərin istehsalı çətinlik yaratmayacaq.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş tərkibli iclasında çıxış edərkən deyib.

“Bizim onsuz da hər şeyimiz var. Amma bizi hədələməyə çalışdıqları şeyi etsələr (müqavilədən çıxmaq), onda müvafiq şəkildə cavab verməli olacağıq. Və bildiyiniz kimi əgər bizdə hava və dəniz tipli bur cür raket sistemləri varsa, onda müvafiq elmi-təqdiqat və konstruktor işləri görərək həmin sistemləri yerə yerləşdirməyimiz elə də çətin olmayacaq”, – deyə Putin Vaşinqtona xəbərdarlıq edib.

O, həmçinin, Moskvanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna dair ABŞ-ın ittihamlarını rədd edib. Amma etiraf edib ki, bu müqavilədə konkret problemlər və çatışmazlıqlar var və onlar tipli yaxın və orta mənzilli raketlərə sahib digər ölkələrin sazişin iştirakçısı olmaması ilə bağlıdır: “Həmin ölkələrin bu müqaviləyə qoşulmaları barədə danışıqlara başlamasına nə mane olur ki?”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. Dekabrın əvvəlində isə Vaşinqton müqavilənin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün vaxt verib. Əks təqdirdə, ABŞ müqavilənin icrasını dayandıracaq. Vaşinqtonun bu qərarı NATO tərəfindən də dəstəklənib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal təhlükəsizliyə ciddi zərbə dəyə bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti