`Amerikanın demokratiyası öz maraqlarıdır`

`Amerikanın demokratiyası öz maraqlarıdır`
  05 Noyabr 2013    Oxunub:1043
Millət vəkili Çingiz Qənizadə `Zaman` qəzetinə müsahibəsində son dövrün aktual mövzularına aydınlıq gətirib. AzVision.az müsahibənin bir hissəsini tədim edir.
- Azərbaycanda seçkini müşahidə edən əksər beynəlxalq missiyalar öz rəylərini verdilər. Onların içərisindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərin keçirilməsi ilə bağlı dəyərləndirməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Siz adıçəkilən qurumun məlum rəyini necə dəyərləndirərdiniz?

- Seçkidən sonra maraqlı bir hal yaşandı. Bir qurumda olan insanların yarısı bir cür, digər bir yarısı da tamamilə fərqli formada danışırdı. Başladılar bir-birilərini təkzib etməyə və belə məlum oldu ki, onlara ayrı-ayrılıqda sifarişlər verilib. Bəzisi obyektivliyi rəhbər tutaraq gördüyünü qeyd edir, digərləri isə müəyyən siyasi sifarişləri yerinə yetirir. Çox təəssüf ki, ATƏT/DTİHB-nin seçkilərlə bağlı rəyi həqiqəti əks etdirmir, qərəzlidir və belə hesab edirik ki, bunun arxasında müəyyən siyasi qüvvələr durur.

Azərbaycan regionda söz sahibidir, müstəqil siyasət həyata keçirir, heç bir dövlətin qoltuqaltısı deyil, bloklara qoşulmamaq siyasəti yürüdür və həm regionda, həm də keçmiş SSRİ ölkələri arasında ən yüksək iqtisadi duruma malik dövlətlərdən biridir. Azərbaycanın bu cür uğurlu siyasətini həyata keçirdən Prezidentin müstəqil mövqeyi bəzi dövlətləri qane etmir. Bu baxımdan onlar Azərbaycanı sıxmağa çalışırlar.
Mən seçkilərdən öncə demişdim ki, Azərbaycanla bağlı təzyiqlər olacaq və bu, məhz bizim müstəqil iqtisadiyyat və siyasətimizi qəbul etməyən qüvvələr tərəfindən olacaq. ABŞ dövlət departamentinin açıqlamasında da görünürdü ki, qurumun burada olan nümayəndələri başqa söhbət elədilər, orada oturub buranı görməyənlər başqa fikir bildirdilər. Bu, Azərbaycana qarşı yönəlmiş ikili, üçlü, dördlü, beşli siyasətin tərkib hissəsi idi.

Mən Milli Məclisdə çıxışım zamanı da demişdim ki, adıçəkilən qurumların məlum “rəyləri”, “hesabatları” səsvermə hüququndan istifadə etmiş milyonlarla insana qarşı hörmətsizlikdən başqa bir şey deyil. Bəzən də deyirlər ki, “bəzi təşkilatlar sərbəstdi”, “sərhədsiz reportyor” və s. Mən həmişə demişəm, indi də deyirəm: heç bir təşkilat müstəqil deyil. Onların arxasında bu və ya digər qüvvələr dayanır. Xüsusilə onlara maliyyə dəstəyi göstərən ölkələr bu təşkilatlara sifariş verirlər. Bu səbəbdən bu tip təşkilatların açıqlamalarını çox ciddi qəbul etmirəm.

- ABŞ Dövlət Departamentinin seçkilərin nəticələrini fərqli şəkildə göstərilməsi üçün Azərbaycana müraciətini necə dəyərləndirərdiniz? Bunu necə adlandırmaq olar Amerikasayağı “demokratiya”, yoxsa siyasi oyun?

- Amerikanın demokratiyası ancaq öz maraqlarıdır. Başqa ölkələrdəki demokratik dəyərləri, insan haqlarını onlar həmişə Amerikanın dövlət maraqlarına qurban veriblər və verməkdə davam edirlər. Məsələn, ərəb ölkələrində siyasi hakimiyyətin dəyişməsi məhz Amerikanın iqtisadi maraqlarına xidmət edirdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyiniz məsələ ilə bağlı iki dəfə açıqlaması oldu. Vəziyyət o həddə çatdı ki, mətbuatdan kənar danışıqlar da cəmiyyətə açıqlanmalı oldu. Təklif edirlər ki, hansısa bir quruma bu qədər səs ayırın, özünüzə bu qədər səs götürün. Ramiz müəllim haqlı olaraq onların Azərbaycan Prezidenti Administrasiyasına etdiyi təklifləri cəmiyyətə açıqladı. Amerika hesab edirdi ki, müəyyən qüvvələrin səs faizini hansısa yollarla artıra bilsələr, ölkədə qarşıdurmalar, hökumət böhranı və s. məqsədlərə nail ola bilərlər. Azərbaycanda stabil bir hökumət var, stabillik var. Bunu gözü götürməyənlər çalışırlar ki, Azərbaycanın iqtisadi gücünü zəiflətsinlər.

- Milli Məclisdə sözügedən iki məsələnin müzakirəsi zamanı bəzi millət vəkilləri Azərbaycanın AVRONEST-də fəaliyyətin dayandırılmasını təklif etdi. Sizin buna yanaşmanız necədir?

- Mən bunun qəti əleyhinəyəm. Biz Avropanı məcbur etməliyik ki, həqiqətlə hesablaşsınlar. Azərbaycanın AVRONEST-dən çıxacağı ilə bağlı bəyanat fərdi mövqe ola bilməz. Bu quruma daxil olmaq parlamentin qərarı ilə olub. Parlament üzvləri yalnız təklif edə bilər, amma Azərbaycanın adıçəkilən qurumdan çıxacağına dair kimlərinsə cəmiyyəti çaşdırıcı bəyanatlarla çıxış etməsi yolverilməzdir. Çox haqlı olaraq hörmətli spiker Oqtay Əsədov buna etirazını bildirdi və mən də belə hesab edirəm AVRONEST-də də, ATƏT-də də, Avropa Şurasında da qalmaq lazımdır, həqiqəti çətin də olsa, onlara göstərmək lazımdır.

- Ötən ayın ən mühüm hadisələrindən biri təbii ki, Rusiyada Orxan Zeynalovla bağlı baş verən hadisələrdi. Sizcə, adi bir cinayət hadisəsinin “şou”ya çevrilərək millətlərarası problemə dönüşdürülmə cəhdinin arxasında nə durur?

- “Biryulev” hadisələri təkcə bir fərdin cinayət törətməsi deyil, bunun arxasında dayanan çox böyük bir ssenarini işə salmağa kömək etdi. Əvvəla bu cinayətin özü, bu sırf məişət xarakterli bir hadisədi. Hətta Orxan Zeynalovun Şerbakovu öldürdüyü tam sübuta yetirilmiş olsaydı belə, mən onun əli qandallı nazirin kabinetinə gətirilməsini və bunun xüsusi zorakılıqla həyata keçirilməsini qətiyyətlə pisləyirəm. Bunu həmin vəzifəli şəxsin zəifliyi kimi qiymətləndirirəm. Çünki heç bir güclü, qüdrətli, hörmətli nazir adi məişət zəminində baş verən cinayətə görə axtarılan şəxsi öz ayağına gətizdirməzdi. Rusiyada miqrantlar qanunsuz yaşayırlar, təbii ki, hüququ dövlət olaraq şimal qonşumuz bunun həlli üçün müəyyən yollar tapmalıdır. Amma bu qaba, kor-kobud və qanun pozuntusu ilə həyata keçirilməsi yolverilməzdir.

Orxan Zeynalovla bağlı hadisədən sonra Azərbaycana qarşı təzyiqlər başladıldı. Hətta Böyük Vətən Müharibəsi zamanı azərbaycanlıların Hitler Almaniyası ilə əməkdaşlığına dair şəkillərin, görüntülərin mətbuata çıxarılması sırf Azərbaycana qarşı yönəlmiş anti-təbliğat idi. Əgər O. Zeynalov bu cinayəti törədibsə o, layiqli cəzasını almalıdır. Azərbaycan ikinci Ramil Səfərovun taleyini yaşamamalıdır. Onun cinayəti siyasiləşdirilmişdi, ona qanunda göstəriləndən artıq, qeyri-adekvat cəza verilmişdi. Əgər bu məsələdə də siyasiləşdirməyə yol verilsə, Azərbaycan öz vətəndaşının arxasında duracaq.


Teqlər:  





Xəbər lenti