ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı - Yenilənib

 ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı -  Yenilənib
  20 Dekabr 2018    Oxunub:7409
ABŞ hərbçilərini Suriya ərazisindən çıxarmağa başlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Məlumata əsasən, ABŞ hərbi qüvvələri 60-100 gün arasında tamamilə Suriyadan çıxarılacaq.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp "Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik", - deyə bəyan edib.

***
ABŞ Suriyanın şimal-şərqində kürdlərə dəstək üçün göndərdiyi hərbçilər də daxil olmaqla, Suriya ərazisindəki bütün qüvvələrini çıxaracaq.

Azvision.az xəbər verir ki, bu barədə “Reuters”ə amerikalı rəsmilər bildiriblər.

Rəsmilərin sözlərinə görə, vaxtilə İŞİD terrorçuları tərəfindən ələ keçirilən bütün ərazilərin geri alınması kampaniyası başa çatmaq üzrə olduğundan Vaşinqton Suriyadakı qoşunlarını tamamilə geri çəkməyi planlaşdırır. Lakin mənbələr bu planın detallarını gizli saxlayıblar, həmçinin, ABŞ hərbi qüvvələrinin Suriyanı nə zaman tərk edəcəyi ilə bağlı məlumat verməyiblər.

Belə bir məlumatın Türkiyənin Suriyanın Fəratdan şərqdəki ərazilərində yeni anti-terror əməliyyatlarına başlayacağını bəyan etməsinin ardından səslənməsi diqqət çəkib. İstisna edilmir ki, bu barədə ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında hansısa razılıq əldə olunub.

Qeyd olunur ki, əgər bu qərar rəsmən təsdiqlənərsə, onda ABŞ-ın Suriyada uzunmüddətli hərbi iştirakına dair fərziyyələr alt-üst olacaq. Bu, həmçinin, Pentaqon rəhbəri Ceyms Mettislə yanaşı, İŞİD-in yenidən dirçəlişinin qarşısını almaq üçün Suriyada ABŞ hərbçilərinin mövcudluğunu vacib bilən digər yüksək vəzifəli amerikalı məmurların Ağ Ev qarşısında “məğlubiyyəti” olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İŞİD   Suriya   ABŞ  





Xəbər lenti