Ərdoğan Trampa söz verdi

Ərdoğan Trampa söz verdi
  21 Dekabr 2018    Oxunub:4076
ABŞ prezidenti Donald Tramp qoşunların Suriyadan çıxarılması barədə qərar verməzdən əvvəl telefonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla danışıqlar aparıb. Söhbət zamanı Ərdoğan söz verib ki, ABŞ Suriyadan çəkildikdən sonra da bu ölkədə İŞİD-ə qarşı mübarizəni davam etdirəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti yüksək vəzifəli türk məmuruna istinadən yazıb. Mənbənin sözlərinə görə 14 dekabrda baş tutan telefon söhbətində Tramp Ərdoğana "ABŞ qoşunlarının Suriyadan çıxacağı təqdirdə Türkiyə Fəratın şərqini İŞİD terrorçularından da təmizləyə bilərmi?" sualını ünvanlayıb. Ərdoğan isə: "Suriyanın şimalındakı kürdlər İŞİD-lə həqiqi mübarizə aparmırlar və bundan sadəcə Fəratın şərqindəki siyasi ambisiyalarının realizəsində bəhanə kimi istifadə edirlər"- deyə, cavab verib.

Türkiyə prezidenti Trampa bildirib ki, 2016-cı ildəki “Fərat qalxanı” əməliyyatında olduğu kimi İŞİD-çilərlə mübarizə aparmağa qadirdirlər.

Mənbə onu da qeyd edib ki, “Tramp Türkiyəni Suriyadan çıxmaq barədə qərarını rəsmən elan etməzdən 2 gün əvvəl məlumatlandırıb. Səudiyyə, İsrail, avropalılar və təbii ki, kürdlər ABŞ qoşunlarının Suriyadan çıxmasının əleyhinədirlər. Pentaqon və ABŞ rəhbərliyinin digər qolları da Trampın bu qərarından narazıdır.”

Xatırladaq ki, 19 dekabrda ABŞ prezident Donald Tramp İŞİD-i məğlub etdiklərinə görə artıq Suriyada qalmaqları üçün bir səbəb olmadığından ABŞ qoşunlarının oradan çıxarılması barədə qərar qəbul edib. Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. “Reuters” isə bildiirb ki, amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.

Lakin Pentaqonun sözçüsü Dana Uayt ABŞ qoşunlarının Suriyadan çıxarılacağını təsdiqləsə də, bunun İŞİD-ə qarşı hələ bitməyən mübarizə kampaniyasının bir hissəsi və növbəti mərhələyə hazırlıq üçün keçid olduğunu bəyan edib. Bu gün isə Trampın qərarına etiraz olaraq Pentaqonun rəhbəri Ceyms Mettis istefa verib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Suriya   ABŞ  





Xəbər lenti