Dağlıq Qarabağ, unudulmuş münaqişə - FOTO

Dağlıq Qarabağ, unudulmuş münaqişə - FOTO
  06 Noyabr 2013    Oxunub:1168
İtaliyanın “İl Sole 24 Ore” gündəlik qəzetində “Dağlıq Qarabağ, unudulmuş münaqişə” sərlövhəli məqalə dərc edilib.
AzVision.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat verilib.

Qeyd olunub ki, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandıqdan sonra döyüş əməliyyatları dayandırılsa da, münaqişə heç də “dondurulmayıb” və iki ölkə arasında yenidən müharibə başlanması ehtimalı yüksəkdir.

Azərbaycan tərəfinin münaqişə ilə bağlı mövqeyini şərh edən müəllif diqqətə çatdırıb ki, problemin həllinin əsasında Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik yeddi inzibati rayonun azad edilməsi dayanır.

Yazıda Azərbaycan rəsmilərinin münaqişəyə dair fikirlərinə də yer verilib. Məqalə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu sözləri ilə davam edir: “Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi artıq 20 ilə yaxındır davam edir. Bir çox beynəlxalq təşkilatların, eyni zamanda Avropa İttifaqının səylərinə baxmayaraq hər hansı bir nəticə əldə olunmayıb”.

Məqalədə vurğulanıb ki, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına dair qəbul edilmiş dörd qətnaməni hələ də yerinə yetirməyib.

Azərbaycanın strateji cəhətdən önəmli ölkə olduğunu diqqətə çatdıran müəllif bildirib ki, 2019-cu ildən etibarən Azərbaycan qazı “Trans-Adriatik Pipeline” vasitəsilə Avropa bazarlarına çatdırılacaq.


Teqlər:  





Xəbər lenti