ABŞ hökuməti fəaliyyətini bərpa edir

ABŞ hökuməti fəaliyyətini bərpa edir
  22 Dekabr 2018    Oxunub:4961
ABŞ Konqressinin hər iki palatasındakı demokratların liderləri bəyan ediblər ki, “şatdaun” (shutdown) adlandırılan proses davam edərsə, yanvarda hökumətin işinin bərpa edilməsinin lehinə səs verəcəklər. Bununla da, ABŞ federal hökuməti fəaliyyətini bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə demokratların Konqressin hər iki palatasındakı liderləri Çak Şumer və Nensi Pelosinin birgə bəyanatında deyilir.

“Əgər prezident (Donald Tramp) və respublikaçılar Trampın bu “şatdaun”unu davam etdirmək qərarına gəlsələr, Nümayəndələr Palatasındakı demokratların yeni çoxluğu dərhal yanvarda hökumətin işinin bərpası üzrə qanun layihəsini qəbul edəcək” – bəyanatda vurğulanır.

Həmçinin qeyd olunur ki, “Amerika xalqı qarşısında öz vəzifələrini icra etmək əvəzinə, Tramp isteriya yaradıb və bayram dövrünün ortasında Nümayəndələr Palatasındakı respublikaçıları ölkəni Trampın məhvedici “şatdaun”una sürükləməyə inandırıb.”

Qeyd edək ki, bu gün səhərdən ABŞ hökumətinin bəzi nazirlikləri büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu proses Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün vəsait ayrılmasını tələb etməsi ilə bağlıdır. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Tramp isə ümid edib ki, federal hökumətin işini dayandırması uzun sürməyəcək və demokratlar Meksika ilə sərhəddin möhkəmlənməsinə səs verəcəklər.

Xatırladaq ki, noyabrda Konqressə keçirilən aralıq seçkilər nəticəsində Nümayəndələr Palatasında demokratlar üstünlüyü ələ keçiriblər. Avtomatik olaraq yanvardan seçki nəticələri qüvvəyə minəcək və artıq Tramp ölkədaxili məsələlərdə, xüsusən də büdcənin qəbulunda tamamilə demokratlardan asılı olacaq. Bu səbəbdən də, yanvaradək Tramp respublikaçıların çoxluq təşkil etdiyi aşağı palatada büdcənin qəbuluna və cənub sərhəddində divar tikintisinə pul ayrılmasına nail olmaq istəyir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Konqress   Meksika   ABŞ  





Xəbər lenti