Nəvaz Şərifə 7 il həbs verildi

Nəvaz Şərifə 7 il həbs verildi
  24 Dekabr 2018    Oxunub:4274
Pakistanın keçmiş baş naziri Nəvaz Şərif ona qarşı mənbəyi bilinməyən pul əldə edərək həmin vəsaitlərlə investisiya qoymaq və ölkə xaricində əmlak almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və korrupsiya ilə bağlı açılan cinayət işləri çərçivəsində 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu gün Nəvaz Şərifin işinə baxan Pakistanın Anti-korrupsiya Məhkəməsi sabiq baş nazirin Səudiyyə Ərəbistanındakı poladəritmə zavoduna sahiblənməsi üçün maliyyəni haradan əldə etdiyi ilə bağlı tutarlı dəlil göstərmədiyini açıqlayıb. Bu səbəbdən də, işə yekun baxışda məhkəmə Şərifi təqsirkar bilərək ona 7 il həbs cəzası verib.

Qeyd edək ki, 3 dəfə baş nazir seçilən 68 yaşlı Nəvaz Şərif Pakistanın ən məşhur siyasətçilərindəndir. O, 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən korrupsiyada ittiham edilərək baş nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Belə ki, məşhur “Panama kağızları” qalmaqalında Şərifin və onun 3 övladının adı çəkilib. Ona qarşı mənbəyi bilinməyən pul əldə edərək həmin vəsaitlərlə investisiya qoymaq və ölkə xaricində əmlak almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və korrupsiya ilə bağlı 3 cinayət işi açılıb.

İyulda Pakistanın Anti-korrupsiya Məhkəməsi Şərifi mənimsədiyi pullarla Londonda lüks mənzillər əldə etməkdə təqsirkar bilərək ona 10 il həbs və 8 milyon sterlinq cərimə cəzası verib. Lakin sentyabrda İslamabad Ali Məhkəməsi Nəvaz Şərif barəsində aşağı instansiya məhkəməsinin çıxardığı həbs qərarının müvəqqəti dayandırılması və sabiq baş nazirin azad olunmasına dair hökm vermişdi. Şərif özü isə vurğulayır ki, ona qarşı irəli sürülən bütün ittihamlar siyasi məqsədlidir.

Leyla Elbrusqızı
Azvision.az







Teqlər: Pakistan   London  





Xəbər lenti