Erməni polkovnik KTMT-da dəyişiklik tələb etdi

 Erməni polkovnik KTMT-da dəyişiklik tələb etdi
  24 Dekabr 2018    Oxunub:4789
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnamə və sənədlərində hər şey və heç nə yazılıb.”

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri İrəvanda keçirilən “KTMT-yə çağırışlar və hüquqi nöqteyi-nəzərdən inkişaf və təhdidlər” adlı dəyirmi masada çıxış edən Ermənistan Silahlı Qüvvələrinin polkovniki Armen Qaliçyan deyib.
Onun sözlərinə görə, KTMT-yə üzv dövlətlər arasında təşkilatın fəaliyyətinin pozulmasına yönələn konkret “informasiya aksiyaları” keçirilir. Bununla Qaliçyan baş katib postu ətrafında yaratdığı problemə görə Ermənistanın təşkilat daxilində təklənməsinə eyham vurub.

“Bütün bunlar nəyi göstərir? Onu göstərir ki, bizim KTMT-də fəaliyyət göstərdiyimiz çərçivələr qənaətbəxş deyil” – erməni polkovnik vurğulayıb.

Qaliçyan həm də sensasiyalı bəyanat verərək, KTMT daxilində keçirilən birgə hərbi təlimlərin effektsiz və bərbad vəziyyətdə olduğunu etiraf edib. “Qazaxıstanda keçirilən hərbi təlimlər zamanı üzv dövlətlərin silahlı qüvvələri qarşısında konkret tapşırıqlar qoyulmuşdu. Amma təlim iştirakçılarından heç biri nə ilə məşğul olacağını bilmirdi. Həm bu, həm bir-birimizə qarşı etimadın olmaması və həm də digər məsələlərə yenidən baxılmalıdır. Çünki əks təqdirdə bütün bunlar yaxşı heç nəyə gətirməyəcək” – deyə, Qaliçyan son aylar İrəvanın pozucu siyasətinə qarşı vahid mövqe sərgiləyən KTMT-nin digər üzv dövlətlərinə bir növ xəbərdarlıq edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT   Qazaxıstan  





Xəbər lenti