Erməni diasporu Paşinyana qarşı – Etiraz aksiyası və şikayətlər

  25 Dekabr 2018    Oxunub : 5276
 Erməni diasporu Paşinyana qarşı – Etiraz aksiyası və şikayətlər
Ermənistanda yaşayan İraq və Suriya erməniləri, eləcə də, digər ölkələrdən repatriasiya edilən ermənilər İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın baş naziri səlahiyətlərinin icraçısı Nikol Paşinyanın Diaspor Nazirliyinin bağlanması haqqında qərarına etirazlarını bildirirlər. Nümayişçilər öz tələb və təkliflərinin əks olunduğu məktubu Paşinyana verməyə və onu nazirliyin fəaliyyətinin dayandırılması fikrindən daşındırmağa cəhd edirlər.

Amerika və Avropadakı diaspor təşkilatları da Paşinyanın bu qərarına etiraz ediblər.

Argentinadakı erməni cəmiyyətinin üzvləri rəsmi bəyanat yayaraq bildiriblər: “Baxmayaraq ki, bizim dövlət işlərinə qarışmaq hüququmuz yoxdur, Argentinadakı erməni cəmiyyəti nazirliyin taleyinə biganə qala bilməz. Çünki son 10 il ərzində Diaspor Nazirliyi Ermənistanla xaricdəki diaspor təşkilatları arasındakı münasibətləri tənzimləyən yeganə rəsmi uzlaşdırıcı qurum olub. Onun fəaliyəti barədə əsaslı və əsassız tənqidlərdən asılı olmayaraq, dəyişikliklər nazirliyin qəfil ləğvinə yox, onun işinin gücləndirilməsinə xidmət etməlidir. Heç bir məsləhətləşmələr aparmadan hökumətin birtərəfli qaydada belə bir qərar qəbul etməsi bizi olduqca narahat edir.”

Xaricdəki erməni diaspor təşkilatları onu da vurğulayıblar ki, “məxməri inqilab”dan sonra Ermənistanın yeni rəhbərliyinin sıx əməkdaşlıqla bağlı səsləndirdiyi bəyanatların səmimiliyinə inanırdılar. Lakin indi reallıqda tamam başqa münasibətlə üzləşiblər.

Qeyd edək ki, Ermənistandakı 9 dekabr növbədənkənar parlament seçkilərindən sonra Paşinyan hökumətin strukturunda dəyişiklik edilməsinə dair qərar qəbul edib. Bu qərara əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endiriləcək. İxtisara düşənlərin sırasında isə Diaspor Nazirliyi də var.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Argentina   Avropa   Amerika   Diaspora   Suriya   İraq