Zasın təyinatı barədə qərar KTMT üzvlərinə göndərilib

Zasın təyinatı barədə qərar KTMT üzvlərinə göndərilib
  25 Dekabr 2018    Oxunub:5310
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Qırğızıstan Respublikası prezidenti Soronbay Jeenbekovun təlimatına uyğun olaraq təşkilatın katibliyi Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın KTMT-nin baş katibi təyin olunması haqqında qərar layihələrini hazırlayaraq üzv dövlətlərə göndərib.
Azvision.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bəyan edib. Onun sözlərinə görə, Ermənistandan başqa təşkilatın digər üzv dövlətləri Zasın baş katib postuna namizədliyini rəsmən təsdiqləyiblər.

Hazırda Zasın təyinatı məsələsi üzərində işlər davam etdirilir və bununla bağlı qərarın imzalanması fərdi qaydada təşkil olunub: “Qərar layihələri üzv dövlətlərin rəhbərlikləri tərəfindən baxılması üçün KTMT daimi şurasının üzvlərinə göndərilib” – Zaynetdinov vurğulayıb.

KTMT-nin mətbuat katibi baş katib postuna təyinatla bağlı KİV-lərdə yayılan müxtəlif mahiyyətli xəbərlərlə əlaqədar ona da aydınlıq gətirib ki, Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın bu posta namizədliyinin razılaşdırılması proseduru onun dekabrın 12-dən 20-dək KTMT-yə üzv hər bir dövlətin başçısı ilə keçirdiyi şəxsi görüşlər yolu ilə təşkil edilib. Zaynetdinovun sözlərinə görə, Zasın yalnız Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla görüşü qalıb ki, o da daha sonraya təxirə salınıb.

Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   KTMT   Belarus  





Xəbər lenti