ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə qarşıyıq – Almaniya

   ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə qarşıyıq –    Almaniya
  27 Dekabr 2018    Oxunub:4286
Əgər soyuq müharibə dövründəki silahlanma yarışı üzərində nəzarətə dair başlıca müqavilə ləğv olunarsa, Almaniya Avropada nüvə başlığa daşıya bilən orta mənzilli ballistik raketlərin yerləşdirilməsi üzrə atılacaq istənilən addıma qəti qarşı çıxacaq.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Hayko Maas ABŞ prezidenti Donald Trampın Rusiya ilə imzalanan “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxacağı təqdirdə Vaşinqtonun Avropada yeni nüvə silahları yerləşdirəcəyilə bağlı ehtimalları şərh edərkən deyib.

“Nüvə silahlanması bu müqavilənin ləğvinə veriləcək ən düzgün olmayan cavabdır. Avropa heç bir halda yenidən silahlanma üzrə debatlar meydanına çevrilməməlidir. Avropada orta mənzilli yeni raketlərin yerləşdirilməsi Almaniyada ciddi etirazla qarşılanacaq” – Maas bəyan edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. Dekabrın əvvəlində isə Vaşinqton müqavilənin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün vaxt verib. Əks təqdirdə, ABŞ müqavilənin icrasını dayandıracaq. Vaşinqtonun bu qərarı NATO tərəfindən də dəstəklənib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərbə dəyə bilər. Çünki Rusiyanın qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığa daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region Avropa olacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Almaniya   Rusiya   ABŞ   Avropa  





Xəbər lenti