İsrail də YUNESKO-dan ayrıldı

 İsrail də YUNESKO-dan ayrıldı
  01 Yanvar 2019    Oxunub:3945
İsrailə qarşı qərəzli və qeyri-obyektiv mövqeyinin daha da gücləndirməsi iddiası ilə Təl-Əviv BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) rəsmən çıxdığını bəyan edib.
Azvision.az “Haberturk”ə istnadən xəbər verir ki, bununla da 2017-ci ildə YUNESKO-nu tərk etmək barədə verilən qərar qüvvəyə minib. Artıq İsrail YUNESKO-ya üzvlük haqqı ödəməyəcək və təşkilatın Ümumdünya İrs Komitəsinə seçilmək hüququndan məhrum olacaq.

Qeyd edək ki, Yeni il ərəfəsində ABŞ da YUNESKO-dakı fəaliyyətini dayandıraraq təşkilatdan çıxıb. Hər iki ölkənin YUNESKO-dan ayrılmasının səbəbi isə Fələstin məsələsi ilə bağlıdır. Vaşinqton təşkilatı anti-İsrail meylli olmaqda günahlandırır. İsrail isə Fələstinin Əl-Halil qədim şəhərinin dünya mədəni irsi siyahısına salınmasının Fələstinə dövlət statusu verildiyi anlamına gəldiyini deyərək buna etiraz etmişdi. Təl-Əviv iddia edir ki, YUNESKO yəhudi tarixini İsrail torpaqlarından ayırmağa çalışır. Fələstinin təşkilata tam üzv kimi qəbulundan sonra isə ABŞ və İsrailin YUNESKO ilə münasibətləri soyumuşdu.

Hər iki dövlətin təşkilatdan çıxma qərarına münasibət bildirən YUNESKO-nun baş direktoru Odri Azulay isə bildirmişdi ki, təşkilat söz azadlığını müdafiə edir və bu günədək antisemitizm və irqçiliyə qarşı olub.

ABŞ-ın YUNESKO-nu tərk etməsilə təşkilat büdcəsinin 22 faizini təşkil edən illik 80 milyon dollardan məhrum olub.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: YUNESKO   Fələstin   İsrail   ABŞ  





Xəbər lenti