Millət vəkillərindən nazirə MÜRACİƏT: Pulumuzu artırın!

Millət vəkillərindən nazirə MÜRACİƏT: Pulumuzu artırın!
  07 Noyabr 2013    Oxunub:984
Partiyanın yaşaması üçün bizə pul lazımdır..

Milli Məclisdə təmsil olunan siyasi partiyalar dövlət tərəfindən onlara ayrılan vəsaitin artırılmasını istəyirlər. Ötən gün parlamentin komitə iclasında bu barədə çıxış edən Sabir Rüstəmxanlının təklifini deputat həmkarları dəstəkləyib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə AzVision.az-a açıqlamasında bildirib ki, partiyalara ayrılan vəsaitin artırılması labüddür.

“Mənə elə gəlir ki, müvafiq proqramların həyata keçirilməsi üçün məbləğin artırılmağı pis olmazdı. İlk növbədə bölgələrdə dövlət üçün mühüm məsələlərin ictiami müzakirəsini təşkil etmək, parrtiyanın rayon təşkilatlarının işi gücləndirmək və s. məsələlər üşün vəsait tələb olunur. Bu baxımdan hesab edirəm ki, vəsaitin artırılmasına ehtiyac var”.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da partiyalar üçün ayrılan vəsaitin artırılmağını təklif etdiyini deyb:

“Milli Məclisin komitə iclasında büdcə müzakirəsində fikrimi demişdim ki, ayrılan vəsait partiyaların bütün ehtiyaclarını tam ödəyə bilmir. İmkan daxilində vəsaitin miqdarını artırmaq lazımdır. Maliyyə naziri Samir Şərifov da buna mənfi münasibət sərgiləmədi, dedi ki, baxarıq. Ola bilsin ki, artım olsun”.

F.Ağamalı da bildirib ki, rayon təşkilatılarının ofislərinin icarəyə götürülməsi və partiya fəaliyyəti ilə məşğul olması kimi problemlərin həlli üçün vəsait tələb olunur: “Əgər ayrılan vəsait hesabına biz qeyd etdiyimiz problemlərin həllinə nail olsaq, partiyamızın canlı orqnizm kimi fəaliyyəti təmin olunacaq”.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da həmkarlnın fikrini dəstəkləyib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı 2014-cü il dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin komitələrinin birgə iclasında müzakirələr zamanı təklif edib ki, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin həcmi artırılmalıdır.

“Siyasi partiyaların maliyyələşməsində artım olmayacaq? Hər şeydə artım var, onda yoxdur. Çünki bu maliyyə ilə partiyanın yaşadılması mümkün deyil”.

Maliyyə naziri Samir Şərifov isə deputata cavabında bunun onlardan aslı olmayan məsələ olduğunu deyib:

“Ötən ildən bu vəsaitdən pul qalmışdı. Bu bizdən asılı olmayan məsələdir. Bu il 2,5 milyon manat ayrılıb. Biz bunu qeyd edək və lazım olsa vəsaitləri artırılmasına baxarıq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti