Tayvan güc yolu ilə Çinə birləşdiriləcək

 Tayvan güc yolu ilə Çinə birləşdiriləcək
  02 Yanvar 2019    Oxunub:5018
"Tayvanın Çinlə birləşməsi qaçılmazdır və zəruri olarsa, Pekin bunun üçün hərbi güc tətbiq etməkdən belə çəkinməyəcək"
Azvision.az “France Presse” agentliyinə isitinadən xəbər verir ki, bu barədə Çin lideri Si Tsinpin 1979-cu ildəki “Tayvandakı həmvətənlərimizə müraciət” nitqinin 40 illiyinə həsr etdiyi çıxışında bəyan edib. Bildirib ki, rəsmi Pekin Tayvan adasının müstəqillik səylərinin istənilən təşviqinə qəti qarşı çıxır.

“Çin (Tayvanla) birləşməlidir və birləşəcək də! Bu, yeni erada Çin xalqının böyük dirçəlişi üçün qaçılmaz tələbdir. Biz güc tətbiqindən imtina edəcəyimizə söz vermirik və birləşməyə mane olan Tayvan separatçılarının, eləcə də xarici qüvvələrin fəaliyyətinə qarşı bütün mümkün vasitələrdən istifadə haqqını özümüzdə saxlayırıq. Tayvan məsələsi Çinin daxili işidir, Çinin başlıca maraqlarına və Çin xalqının milli hisslərinə aid məsələdir. Bu məsələdə xaricdən hansısa müdaxilə yolverilməzdir” – Tsinpin vurğulayıb.

Çin lideri onu da bildirib ki, Tayvanın müstəqilliyi fəlakətlə nəticələnəcək və yalnız adanın Çinə birləşməsindən sonra əbədi sülh təmin olunacaq.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Tsedunun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Komintana qalib gəlib və Çin Xalq Respublikasını elan ediblər. Məğlub olan Çan Kayşi partiyası Tayvanda yeni hökümət qurub. Bundan sonra tərəflər arasında əlaqələr kəsilib. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib və bunu sübut etmək üçün güc tətbiqinə hazır olduğunu gizlətmir. Buna baxmayaraq, ABŞ Tayvana hərbi texnika sataraq onu silahlandırır və Pekinin xəbərdarlıqlarına məhəl qoymur.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Tayvan   Çin   ABŞ  





Xəbər lenti