Ermənilərlə oynamaq olarmı? – SORĞU

Ermənilərlə oynamaq olarmı? – SORĞU
  07 Noyabr 2013    Oxunub:2162
Bu yaxınlarda Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bir tədbir çərçivəsində Ermənistanda səfərdə olub. Tədbir iştirakçılarına İrəvan restoranlarının birində verilən ziyafətdə R. Hacılı ermənilərlə Azərbaycan milli rəqslərindən birini oynayıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu görüntülər, həm də səs-küyə səbəb olub. Biz də öz növbəmizdə hadisəyə olan münasibəti öyrənmək üçün əsasən jurnalistlər arasında sorğu keçirdik.



Telli Pənahqızı, jurnalist:
- İndi ermənilərə yarınmaq, onların ayağına getmək, onlara `dost`, `qardaş` deyib baş əymək özünü "ziyalı və müasir fikirli, azad düşüncəli" sayan və bizdən hesab edən və bizim xalqımıza həqarətlə yanaşan bəzilərinin əsl-nəcabətinə qayıdışından xəbər verir. Mən burada təəccüblü heç nə görmürəm, deməli onlar özününkülərin arasındadırlar ki, belə rahat davanır, bacı-qardaşları ilə birgə qol götürüb oynayırlar! Bəs bizim üzümüzə necə qayıdacaqlar?- deyə soruşursunuz. Cavab verirəm: ya onları simasizdır , ya da biz etinasız...

Cəlil Cavansir, jurnalist:

- Mənə elə gəlir ki, bu cür məsələləri müzakirə etmək yersizdir. Ramin Hacılı uzun illərdir ki, Azərbaycanda çox faydalı işlərlə məşğul olan gənclərdəndir. Erməni biznesmenlərlə biznes əlaqasəi olanlardan danışılmalı, onlar qınaq hədəfi olmalıdır. Ramin Ermənistana səfəri çərçivəsində çox ciddi çıxışlar edib, məncə bu müzakirə edilməlidir. Raminin rəqs edib-etməməsi, nə üçün bu addımı atması müzakirə mövzusu ola bilməz.

Aysel Əlizadə, yazıçı:

- Ramin bəy bununla bağlı özü açıqlama verib, musiqi çalınıb və o deyib ki, bu bizim havadı. Mübahisə düşüb və Ramin bəy belə bir mərc edib - kim mahnını daha yaxşı oynasa, demək, mahnı onun xalqına məxsusdu. Gördüyünüz kimi, Ramin bəy "bəy havası" nı ordakıların hamısından yaxşı oynayıb. Və bu rəqs şəxsən mənim çox xoşuma gəldi. O gün olsun, biz hər şeyin ən yaxşısını bacarmaqla örnək olar və qazanaq!

İlkin Əhmədov, jurnalist:

- İsmət Abbasov da kənd təsərrüfatı naziri olduğu dönəmdə FAO-nun tədbirində iştirak etmək üçün Ermənistana səfər etmişdi. Erməni jurnalistləri ilə söhbəti zamanı cənab Abbasov düşmən dilində danışmışdı. Bakıdakı bəzi başbilən ekspertlər bundan şou düzəltmişdi "nazirimiz düşmən dilində danışır" deyə. Amma İsmət bəy orada anadan olub, gəncliyi orada keçib və bu dili öyrəndiyi illərdə Ermənistanla Azərbaycan düşmən deyildi. Ən azından kağız üzərində belə idi. Azərbaycanda CBC (keçmiş ATV İnternational) telekanalı fəaliyyət göstərir. Həmin telekanalın erməni readksiyası var. Onlar da düşmən dilində danışır. İndi nə edək, onları daş-qalaq edək? CBC düşmənimizə elə onların dilində Azərbaycanı, onun siyasi və iqtisadi gücünü təbliğ edir. Bir sözlə Azarbaycan həqiqətlərini dünyaya, ələlsüsus, düşmənimizə çatdırmaqda əvəssiz xidmət göstərir bu telekanal.
O ki qaldı Ramin bəy "bəy havası" oynamasına münasibətimizə... Əsas buna onun münasibətidir. Ramin buna bir yarışma prizmasından yanaşıb və düşmənə nəysə sübut etmək üçün meydana atılıb. Bunu başa düşdük. "Erməni qızlarının hamısının onunla oynamaq istəməsi" məgər bu havanın bizim milli havamız olduğunu sübut edən əsas meyardırmı? Hər şey bir kənara, Ramin bəyin ermənilərlə bahalı restoranda oturub yeyib-içməsi və bunu guya ki avropalıların xətrinə etməsi utancvericidir.

Sevinc El-Sevər, yazıçı:

- Ramin Hacılını ora döyüşməyə göndərməmişik. Məncə, Ramin Hacılını döyüşə göndərsəydik və o, gedib orada döyüşmək əvəzinə erməni qızlarıyla oynasaydı... yəqin ki, bu barədə nəsə demək olardı. Amma Ramin bəy sülhməramlı bir səfər eləyib Ermənistana. Gedib neyləməliydi ki? Cibindən bomba çıxarmalıydı? Komplekssizdir, bacarıb oynayıb. Mənə gəlincə, bu qədər inkişaf edə bilməmişəm. Mən oynaya bilməzdim! Bunu öz payıma deyirəm... Ramin bəyin oynamağına münasibətim normaldır, situasiya belə gətirib, içindən gəlib oynayıb... Özü də deyir, ermənilərdən yaxşı oynayıb Azərbaycan mahnısına... Üstünlük qazanıb. Sübut eləyib ki, mahnı bizimdi... Daha nə istəyirsiz?

Mirvari Qəhrəmanlı, QHT sədri:

- Bu, bizim mahnıdır, bundan ötrü qol götürüb oynamağa dəyməzdi.

Vüqar Əhməd, şair:

- Xəbərim var, baxmışam,Ramin çox siyasətcil adamdır. Gedib düşmənlərimizlə yeyib-içib kef eləyib. Özünü əla sığortalayır: `Avropalılar baxırdı - içməsəm olmazdı, oynayıb - ssenari düzəldir ki, elə bil uşaq başı aldadır: `dedim kim yaxşı oynasa bu rəqs onlara məxsusdur`, bircə onlarla öpüşüb-qucaqlaşmır. Bəlkə onları da edir. Ermənilər özləri bilir ki,onların musiqisi və xalq çalğı alətləri bizə məxsusdur. Bunları Mehriban xanım əziyyətləYUNESKO-da bizim xalqın adına rəsmiləşdirib. İndi Ramin barışıq etmək istəyirsə, bu şərəfsiz, binamus ermənilərlə nə barışıq ola bilər?

Dilqəm Əhməd, jurnalist:

- Məsələ belədir ki, Ramin Hacılının mövqeyi məsələnin sülh yolu ilə həll edilməsi istiqamətindədir. Atəşkəsin elanından sonra Azərbaycanın hələ ki tutduğu mövqe budur. Ona görə də, ümumiyyətlə Ramin Hacılının bu səfərini müsbət dəyərləndirirəm.
Rəqsə gəldikdə isə, mətbuat konfransından sonra restoranda məclis olub, Ramin bəyin özünün də yazdığı kimi, Azərbaycan rəqsinin kimə məxsus olduğunu əyani sübut etmək üçün bunu edib və bu, normaldır. Məncə, yaxşı oynayıb.

Aybəniz Haşımova, müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti:

- Hər adamın cəsarəti deyil düşmənin qarşısında öz musiqisini ifa təbliğ etsin. Azerbaycan övladları ömrü boyu dəyərli oğul olduğunu sübut edib,ömrü boyu da sübut edecək.Ramin bəy də, xalqımızın dəyərli övladıdır.

Aidə Eyvazova, jurnalist:


- Bu gün Ermənistan və ermənilər öz yaşadıqları vəziyyətdən bezardırlar. Onlar artıq bilirlər ki, yüzillərdir ruslara alət olmaqları onları bir dövlət kimi inkişaf etməyə qoymur. Belə vəziyyətdə xalq diplomatiyasi lazəmdır ki, xalq nə baş verdiyini bilsin. Polad Bülbüloğlu, bəzi ictimai xadimlərimiz, jurnalist və ədiblərimiz Ermənistana gedəndə mən sevinirəm ki, onlar bu diplomatiyanı yüksək səviyyədə nümayiş etdirə bilirlər. Onlar ətraflarında olan ermənilərə bir daha bizim haqqımızda məlumat verir, səviyyəmizi yaxşı göstərə bilirlərsə, bunun nəyi pisdir?!. Bizə sevinmək, onlara yenə kədərlənmək qalır.
Ramin Hacılının rəqsinə biganə qalmayan erməni qızları hələ çox xatırlayacaqlar onu. Ramin həm də tədbirdə iştirak edənlərə musiqinin bizə aid olduğunu təsdiqləyib. Bəs niyə Raminin çıxışının yaratdığı rezonansdan danışmırsınız?

Aynur Talıbova:

- Bu hadisə gündəmi işğal etmək üçün nəzərdə tutulmuş mənasız bir cəhddir.

Bəxtiyar Hacıyev, gənc fəal

- İndiyə qədər beynəlxalq tədbirlərdə xeyli sayda ermənilərlə görüşmüşəm, özümü başqa gənclərdən nə az demokrat, nə az liberal, nə az vətənpərvər, nə az diplomatiyadan xəbəri olan saymıram. Amma ermənilərlə heç nəyin xatirinə qol qaldırıb oynamaq barədə ağlımın ucundan da keçirməmişəm. Çünki, bütün regionun lideri olmaq iddialarımıza baxmayaraq, müvəqqəti də olsa, biz məğlub tərəfik. Ermənilərə xalq diplomatiyası da, iki ölkə gənclərinin dostlaşması da, sevişməsi də sərf edir, çünki bu, status-kvonu qorunmasına xidmət edir, Ermənistanın işğalını unutdurur, gənclər isə keçmişə yox, indiki reallığı qəbul edib gələcəyə baxmaq haqqında düşünür. Məhz buna görə bir çox beynəlxalq tədbirlərdə ermənilər ən gözəl qızlarını bizim fəal gənclərin qarşısına göndərirlər. Azərbaycana isə erməni tərəfi ilə xalq diplomatiyası, sevişmək, əylənmək indiki mərhələdə sərf etmir.

Səbinə Məmmədova
AzVsion.az üçün



Teqlər:  





Xəbər lenti