ABŞ-da “şatdaun” davam edir - Demokratlar ilk həmləyə hazırlaşır

 ABŞ-da “şatdaun” davam edir -   Demokratlar ilk həmləyə hazırlaşır
  03 Yanvar 2019    Oxunub:4135
ABŞ Konqressinin Nümayəndələr palatasında (NP) çoxluğu ələ keçirən demokratlar bu gün ilk iclaslarında artıq 13 gündür davam edən federal “şatdaun” prosesinə son qoyulması üçün 2019-cu il üzrə büdcə qanun layihəsini qəbul edəcəklər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Ağ Evdə ABŞ prezidenti Donald Trampla və respublikaçıların rəhbəri ilə görüşdən sonra demokratların lideri, NP-nın spikeri Nensi Pelosi respublikaçıları sənədi dəstəkləməyə çağırıb.

“Biz prezidentdən hökuməti açmasını çağırış edirik. Biz respublikaçılara şans verdik ki, “hə” cavabı versinlər” – Pelosi bəyan edib.

Lakin Senatda çoxluq təşkil edən respublikaçıların lideri Mitç Makkonnel isə cavabında bildirib ki, NP-da demokratların bu gün qəbul edəcəyi qanun layihəsinə Senatda baxmayacaqlar: “Senat, yuxarı palatanın qəbul edə bilməyəcəyi və prezidentin imzalamayacağı qanun layihəsinə baxmaq üçün vaxt sərf etməyəcək”.

Demokratların son mövqeyi isə odur ki, əgər Senat qanun layihəsini qəbul etməsə, bütün məsuliyyəti respublikaçıların üzərində qoyacaqlar və “şatdaun” prosesini uzadacaqlar.

Qeyd edək ki, ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər. Tramp isə ümid edib ki, federal hökumətin işini dayandırması uzun sürməyəcək və demokratlar Meksika ilə sərhəddin möhkəmlənməsinə səs verəcəklər.

ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir. Federal hökümətin qismən bağlanması nəticəsində 380 min işçi pulsuz məzuniyyətə göndərilib. Hazırda işləyən digər 420 min nəfər isə yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra maaşlarını ala biləcəklər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti