Səudiyyədə Kaşoqi cinayəti üzrə ilk məhkəmə başladı

   Səudiyyədə Kaşoqi cinayəti üzrə ilk məhkəmə başladı
  03 Yanvar 2019    Oxunub:3567
Jurnalist Camal Kaşoqinin qətli ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan 11 şübhəlinin bu gün Səudiyyə Ərəbistanında ilk məhkəmə dinləməsi keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə "SPA" agentliyi Səudiyyə Ərəbistanının Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, məhkəmə prosesində dövlət ittihamçısı olan prokuror 11 şübhəlidən 5-nə edam cəzası istəyib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ciddi tənqidçisi və onun Yəməndə kimyəvi silah tətbiqinə dair araşdırma aparan Camal Kaşoqi ailə qurmağa hazırlaşarkən sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti