“Uşaqlar evdən çölə çıxa bilmirlər” – Deputatların ŞİKAYƏTİ

“Uşaqlar evdən çölə çıxa bilmirlər” – Deputatların ŞİKAYƏTİ
  07 Noyabr 2013    Oxunub:1175
"Əgər biz sağlam nəsil yetişdirmək istəyiriksə və onları gələcəkdə dövlət işlərinə cəlb etmək istəyiriksə, o zaman bu gün də uşaqlarımızın sağlamlığı və tərbiyəsi ilə düzgün məşğul olmalıyıq".

AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Əhliman Əmiraslanov "Uşaqların istirahətinin təşkili haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanda ən gözəl istirahət mərkəzləri tikilsə də orada uşaqların istirahətləri üçün heç bir şərait yoxdur.

“Bu şəraitin olmaması nəticəsində biz tez-tez bədbəxt hadisələrin şahidi oluruq və uşaqlar zədə alır, eləcə də infeksiyalara yoluxurlar. Bu istirahət mərkəzlərində uşaqlar yaradılmamasından isə yalnız uşaqlar əziyyət çəkir. Bütün bunları nəzərə alıb biz uşaqların istirahətinin və asudə vaxtlarının təşkili üçün istirahət mərkəzlərinin tikilməsi üçün lazımı məkan və şərait yaradılmalıdır".

Millət vəkili Elmira Axundova da uşaqların istirahəti üçün şəraitin yaradılmamasından şikayətlənərək deyib ki, bu gün uşaqlarımız yaşadıqları evin həyətində belə gəzə bilmirlər:

"Sovetlər dövründə yaşayış binaları salınarkən əvvəlcə uşaqların asudə vaxtlarının təşkili üçün məkan salınır. Bu gün isə tam əksinədir. Buna görə də uşaqlar evdən çölə çıxa bilmirlər. Uşaqlar asudə vaxtlarını sadəcə internet klublarında keçirirlər. İmkanlılar öz istirahətlərini xarici ölkələrdə, imkansızlar isə heç hara gedə bilmirlər. Bu səbəbdən də yeni qanun layihəsinin qəbulu vacibdir".

Digər millət vəkili Rauf Əliyev də mövcud qanunun vacibliyini qeyd edərək bildirib ki, bu gün Azərbaycan inkişaf dövrünü yaşadığı halda uşaqların asudə vaxtlarının təşkili üçün maddi vəsaitin tapılmaması gülüncdür: "

Bu gün Abşeron rayonu ərazisində onlarla istirahət mərkəzləri var, lakin qapıları bağlı və dağılmış haldadır. Bu istirahət mərkəzləri hansı nazirliyin və dövlət qurumların tabeçiliyindədir? Kimlər bu mərkəzləri özəlləşdirmək istəyir? Belə hallara yol vermək olmaz. Bu baxımdan yeni qanun layihəsi çox vacibdir. Qanunda dövlət qurumlarının da məsuliyyəti öz əksini tapmalıdır".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti