Rusiya “casus” Uilanı ABŞ-a qaytarmayacaq
Uilanın ABŞ-da həbs olunan Rusiya vətəndaşlarının sərbəst buraxılması üçün saxlanıldığına dair KİV-də yayılan iddialara cavab olaraq Ryabkov bildirib ki, belə bir niyyət yoxdur və Uilanın işi Rusiya əleyhinə kəşfiyyatla bağlı olduğundan çox ciddi məsələdir.
“Mən bu məsələnin hansısa dəyişdirmə, yaxud mübadilə müstəvisinə qaldırılması üçün səbəb görmürəm. Bu vəziyyətdə zəruri olan bütün prosedurlardan keçməliyik. Bildiyimiz qədərilə, yaxın vaxtlarda ittiham irəli sürüləcək. Çünki məsələ olduqca ciddidir və Rusiya qanunvericiliyi tələblərinin pozulmasına yönələn kəşfiyyat fəaliyyəti ilə əlaqədardır” – Ryabkov qeyd edib.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti 48 yaşlı ABŞ vətəndaşı Uilanı 28 dekabrda paytaxt Moskvada Rusiya əleyhinə casusluq fəaliyyəti ilə məşğul olarkən cinayət başında saxladığını bəyan edib. Hazırda həbsdə olan amerikalıya qarşı Rusiya İstintaq İdarəsi Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayət işi başladıb. Uilanın ailəsi isə bildirir ki, sabiq hərbçi yaxın dostunun toy mərasimində iştirak etmək üçün Moskvaya gedib və günahsızdır.
Lakin istintaqın gedişində Pol Uilanın ABŞ-la yanaşı, həm də Böyük Britaniya, Kanada və İrlandiyanın da vətəndaşı olduğu üzə çıxıb. İrlandiya KİV-ləri yazır ki, Uilan kömək üçün vətəndaşı olduğu bütün bu ölkələrin səfirliklərinə müraciət edib.
Leyla Elbrusqızı
Azvision.az