Neft ölkəsində hakimiyyətə qarşı dövlət çevrilişi - Yenilənib

Neft ölkəsində hakimiyyətə qarşı dövlət çevrilişi -  Yenilənib
  07 Yanvar 2019    Oxunub:3151
Qabonun təhlükəsizliyi qüvvələri dövlət çevrilişinə cəhd edən bir qrup hərbçini həbs edərək ölkədə sabitliyi bərpa ediblər.

Azvision.az xəbər verir ki, bu barədə Qabonun rabitə naziri, hökumətin rəsmi nümayəndəsi vəzifəsinin icraçısı Qi-Bertran Maponq bəyan edib.
Onun sözlərinə görə, silahlı üsyançılar ələ keçirilib və artıq 2-3 saat ərzində ölkədə vəziyyət tamamilə normallaşacaq.

****
Atlantik okeanın sahillərində yerləşən neftlə zəngin mərkəzi Afrika respublikası olan Qabonda bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Qabonun Respublika Qvardiyasının leytenantı, Müdafiə və Təhlükəsizlik Qüvvələri Patriot Hərəkətının lideri Kelli Ondo və onun tərəfdarları dövlət radiosu stansiyasını ələ keçiriblər.

Onlar bəyan ediblər ki, hazırda Mərakeşdə insultdan müalicə olunan Qabon prezidenti Əli Bonqonun hakimiyyətindən narazıdırlar və onun idarəçiliyini qəbul etmirlər.

“Bonqonun yeni ildə xalqa ünvanladığı təbriki onun öz vəzifə öhdəliklərini icra etmək qabiliyyətində olmadığına dair şübhələrimizi daha da gücləndirdi. 2016-cı ilin 31 avqust gecəsində soydaşlarımızı qorxaqcasına öldürənlərə qarşı dövlət çevrilişi ediirk” – Ondo radio vasitəsilə dövlət çevrilişi barədə bəyanat yayaraq xalqı məlumatlandırıb.

Qeyd edək ki, neftlə zəngin Qabonu yarım əsrdir ki, Bonqo sülaləsi idarə edir. 1967-2009-cu illərdə bu ölkəni Omar Bonqo idarə edib. Omar 2009-cu ildə öldükdən sonra isə oğlu Əli Bonqo hakimiyyətə gəlib. 59 yaşlı hazırkı prezident səhhətilə bağlı oktyabrda Səudiyyə Ərəbistanına, daha sonra isə müalicəsini davam etdirmək üçün Mərakeşə yollanıb. O, Yeni il təbrikində sözləri aydın tələffüz edə və sağ qolunu tərpədə bilmirdi.

Əli Bonqonun 2016-cı ildə yenidən prezident seçilməsi əhali arasında güclü etirazlara səbəb olmuş, nəticədə hökumət qüvvələri etirazları güc tətbiqi vasitəsilə yatırmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qabon   Afrika  





Xəbər lenti