Ankaradan ABŞ-a kritik tələb - Ya məhv edin, ya da bizə verin!

 Ankaradan ABŞ-a kritik tələb -  Ya məhv edin, ya da bizə verin!
  08 Yanvar 2019    Oxunub:2992
Türkiyə Suriyaya dair danışıqlar aparmaq üçün Ankaraya gələn ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyətinə olduqca kritik tələb irəli sürəcək.
Azvision.az “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, Ankara bu gün ABŞ-dan Suriyadakı 22 hərbi bazasını məhv etməsini, ya da onları Türkiyəyə təhvil verməsini tələb edəcək.

Qəzetin mənbələri bildirib ki, Türkiyə Suriyadakı ABŞ hərbi bazalarının YPG silahlı birləşməsinə verilməsilə razılaşmayacaq və buna qəti etiraz edəcək. Həmçinin qeyd olunur ki, Ankaranın bu tələbi ABŞ qoşunlarının Suriyadan çıxarılması üzrə aparılan ikitərəfli danışıqlar prosesini çətinləşdirə bilər.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etmişdi ki, ABŞ-ın Suriyadan çəkilməsi diqqətlə və düzgün tərəfdaşlarla planlaşdırılmalıdır: “Yalnız Türkiyənin bu vəzifəni yerinə yetirməyə gücü və imkanı var.”

Qeyd edək ki, hazırda Ankarada türkiyəli rəsmilərlə danışıqlar aparan Con Boltonun Ərdoğanla görüşüb-görüşməyəcəyi bilinmir. Ankaraya səfər etməzdən əvvəl Bolton bəyan etmişdi ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti