Ermənilər rus hərbi bazasının çıxarılmasını tələb edir

 Ermənilər rus hərbi bazasının çıxarılmasını tələb edir
  08 Yanvar 2019    Oxunub:3015
Ermənistanın Avropa partiyası Avetisyanlar ailəsinin qətlinin 4-cü ildönümü və süpürgəçi Cülyetta Qazaryanın ölümünün 40-cı günü ilə əlaqədar Gümrüdəki 102-ci rus hərbi bazasının qarşısında etiraz aksiyası keçirəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Avropa partiyasının həmsədri Tiqran Xzmalyan “Facebook” səhifəsində bəyan edib. O, bildirib ki, aksiya zamanı süpürgəçini öldürən və 102-ci bazada saxlanılan rus hərbçinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edəcəklər.

Qeyd edək ki, Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci ilin yanvarında Avetisyanlar ailəsinin 7 üzvünü güllələmişdi. Ermənistan cəmiyyətinin kütləvi etirazlarına və cinayətkarın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələblərinə baxmayaraq, Permyakov məhz 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində Rusiya qanunvericiliyə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdı. Daha sonra isə Rusiyaya ekstradisiya edilmişdi.

2018-ci ilin 3 dekabrında isə Gümrüdə 1961-ci il təvəllüdlü süpürgəçi Cülyetta Qazaryan 102-ci bazanın hərbi qulluqçusu tərəfindən amansızcasına döyülərək öldürülüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gümrü   Ermənistan   Rusiya   102-cibaza  





Xəbər lenti