Stalinin “Sən əsl Azərbaycan gözəlisən” dediyi xalq artisti

  08 Yanvar 2019    Oxunub : 17349
 Stalinin “Sən əsl Azərbaycan gözəlisən” dediyi xalq artisti
Bu gün Azərbaycan SSR xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Bir zamanlar Azərbaycan gözəli kimi tanınan aktrisa yaşasaydı, 99 yaşını qeyd edəcəkdi.

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Aktrisanın uşaqlığı İçərişəhərdə keçib.
Deyilənlərə görə, Leyla evin yeganə övladı olmasa da, atasının sevimlisiymiş. Artıq 12 yaşı olmasına baxmayaraq, atası Leyla yorulanda onu qucağında gəzdirər, nazı ilə oynayarmış.

Onun incəsənətə marağının yaranmasına anası səbəb olub. Belə ki, Bikə xanım tez-tez Əli Bayramov klubuna-qadınların dərnəyinə gedər və qızı Leylanı da özü ilə aparardı. Dərnəkdə izlədiyi obrazlardan ilhamlanan yeniyetmə qızın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayıb.

O, hələ 16 yaşı tamam olmamış Filarmoniyada solist kimi çalışıb. O zamanlar bu gözəl və istedadlı qız üçün xüsusi rəqslər səhnələşdirilirdi. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər.



Aktrisanın teatr səhnəsində ilk çıxışı Mirzə İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub. Daha sonralar A.Ostrovskinin “Tufan”ında Klaşa,“Pəri cadu” da Pəri, “Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Almaz”da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza rollarını oyanıb .

Peşəsinə vurğun olan aktrisa teatr məşqlərinə, tamaşalarına hamıdan tez gələrmiş və canlandırdığı obrazlara xüsusi həssaslıqla yanaşarmış.“Solğun çiçəklər” tamaşasında Sara obrazını canlandıran aktrisa tamaşadan sonra pərdə açılanda heç vaxt səhnəyə çıxıb baş əyməzmiş. Bunu da onunla əsaslandırırmış ki, "Sara" sonluqda ölür və o, yenidən səhnəyə qayıda bilməz.

Aktrisa ilə bağlı maraqlı xatirələrdən biri də 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirildiyi zaman Stalinlə görüşü olub.

Moskvaya gedən mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edirdi və Leyla xanım da orada təmsil olunurdu. Konsertlərdən birinə Stalin də gəlib. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşüb və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərərək kimliyi ilə maraqlanıb. Üzeyir bəy “Leyladır, bizim rəqqasə qızlardan biri” deyə cavab verib. Stalin qızı yanına çağırıb onu qucaqlayıb və alnından öpərək deyib :“Sən əsl Azərbaycan gözəlisən”.



Aktrisa ən məşhur rollarından biri olan "Gülçöhrə"yə isə Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə çəkilib. Bu rol üçün xeyli sayda aktrisa sınaq çəkilişlərinə çəkilsə də leyla xanım sınaqsız, imtahansız dəvət olunub.

Maraqlı məqamlardan biri də odur ki, Şüvəlanda sınaq çəkilişləri zamanı Leyla xanım nə qədər təşəbbüs etsə də, rolu istədiyi kimi oynaya bilmirmiş. Vəziyyəti görən Üzeyir bəy onu yanına çağırıb deyir ki, Leyla xanımı bu filmə çəkə bilməyəcək. Çünki bu rol onda alınmır.

Vəziyyətlə barışıb evə gedən aktrisa səhəri gün yenidən Üzeyir bəyin yanına qayıdır və roluna sonuncu dəfə baxılmasını xahiş edir. Və nəhayət ki, ondan istənilən kimi oynayır . Üzeyir bəy Leyla xanıma yaxınlaşıb :“mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir. Beləliklə, 1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayır.



Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurub. Onların 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlib.

Amma Leyla xanımla Fərəcin birgə ailə həyatları uzun sürmür və bir neçə ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. Kamil Aslanov ixtisasca diş həkimi olub. O, həmçinin yaxşı rəqs edirmiş və Leyla xanımın da getdiyi Əli Bayramov klubuna gedirmiş. Onların tanışlığı elə ordan başlayıb.

Leyla xanımın bacısının xatirələrindən :“Anam danışardı ki, bir gün Leyla gəlib deyib ki, yaxşı bir diş həkimi var gedək onun yanına. Yəqin anamın dişi ağrıyırmış. Görünür, onlar görüşürmüşlər, ancaq anama deməyə utanıb. Hər dəfə də anamı aparanda Kamil olun bir dişini çəkirmiş. Anam həmişə deyərdi ki, mən dişlərimi qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər şey bəlli oldu. Anam dedi ki, bunu elə əvvəldən deyərdin, mən də dişlərimi çəkdirməzdim”.



1947-ci ildə onların ilk qız övladı olan Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları Bikə doğulur. L. Bədirbəyli kino, teatr səhnəsində uğurlu aktrisa, ailə həyatında isə xoşbəxt qadın idi.

Həyat yoldaşı Kamil Aslanov bir gün ona deyir ki, Almaniyaya Leyla xanıma yeni maşın almaq üçün gedəcək. Xanım aktrisa maşının olduğunu deyib buna etriaz etsə də, həyat yoldaşı xanımına yeni maşın hədiyyə etmək istədiyini deyir və yola düşür. Ancaq iş elə gətirir ki, maşınla Bakıya qayıdan həyat yoldaşı yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir. O, böyük sarsıntı keçirir. Heç kimlə danışmaq istəmir, bir neçə il ümumiyyətlə, evdən çölə çıxmır. Həyatdan küsən Leyla xanım sənətdən də uzaqlaşır. Özünə qapanıb heç nə ilə maraqlanmır.

O, sonuncu dəfə yalnız Heydər Əliyev ona istiqlal ordenini təqdim edərkən ictimaiyyət arasında görünür. Bundan sonra yenidən özünə qapanır.

1999-cu il noyabrın 23-də vəfat edib. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilib və dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılıb. Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.











Ş ahanə Rəhimli
Azvision.az

Teqlər: Leyla-Bədirbəyli