İrana qarşı sanksiyalar genişləndirildi

 İrana qarşı sanksiyalar genişləndirildi
  08 Yanvar 2019    Oxunub:1719
Avropa İttifaqı (Aİ) köhnə qitənin ərazisində qətl və sui-qəsd cəhdlərinə görə, İranın Kəşfiyyat Xidmətinə qarşı sanksiyaları rəsmiləşdirib. Bununla da, Avropanın İrana qarşı sanksiya siyahısı genişlənib.
Azvision.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Anders Samuelson "Tvitter"də bəyan edib. Yeni sanksiyalarla İranın Kəşfiyyat Xidməti və konkret olaraq iki əməkdaşının Avropa banklarındakı hesabları dondurulacaq.

“Avropa xarici siyasəti üçün vacib bir gün! Avropa ərazisində sui-qəsd məqsədli təxribatlar hazırladığına görə, Avropa İttifaqı İranın Kəşfiyyat Xidmətinə qarşı sanksiyaların qüvvəyə minməsinə indicə razılıq verdi. Bu, Avropada belə davranışları qəbul etməyəcəyimizə dair Avropa İttifaqının güclü siqnalıdır”, – Samuelson yazıb.

Qeyd edək ki, rəsmi Kopenhagen İranın xüsusi xidmət orqanlarını Danimarkada qətllər hazırlamaqda ittiham edib. Lakin Tehran ittihamları rədd edib. İki ölkə arasındakı gərginlik nəticəsində Danimarka İrandakı səfirini geri çağırıb. Rəsmi Paris də ötən il Fransadakı terror hücumu cəhdində İranı günahlandırıb.

Leyla Elbrusqızı
Azvision.az






Teqlər: İran   Danimarka   Avropaİttifaqı  





Xəbər lenti